İDMAN
BALAKƏNDƏ KEÇİRİLƏN BEYNƏLXALQ ŞAHMAT TURNİRİ BAŞA ÇATMIŞDIR
“Balakən - 2004” I Beynəlxalq uşaq şahmat turnirinə yekun vurulmuşdur. Bir həftə davam edən turnirdə qalib adı uğrunda respublikamızın şəhər və rayonlarının şahmat məktəblərinin yetirmələri ilə yanaşı, Türkiyə, Rusiya və Gürcüstanın gənc şahmatçıları da mübarizə aparmışlar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 132 nəfər şahmatçının qatıldığı turnir idmançılarımızın inamlı qələbəsi ilə başa çatmışdır. Dörd yaş qrupunun hər birində respublikamızın gənc şahmatçıları qalib adını qazanmışlar.
Turnirin bağlanışına həsr olunmuş təntənəli mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və Respublika Təhsil İdman Mərkəzinin nümayəndəsi İbrahim Məmmədov çıxış edərək yarışların yüksək səviyyədə təşkilinə göstərdikləri köməyə görə şəhər bələdiyyəsinə, rayon şahmat məktəbinin və telekommunikasiya qovşağının kollektivlərinə minnətdarlıqlarını bildirmiş, idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulamış, qaliblərə diplom və qiymətli hədiyyələr təqdim etmişlər.