MƏDƏNİYYƏT
BALAKƏN TARİX-DİYARŞÜNASLIQ MUZEYİ YENİ BİNAYA KÖÇÜRÜLMÜŞDÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yeni binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri muzeyin ekspozisiyası ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, Balakən tarix-diyarşünaslıq muzeyi 1984-cü ildə təşkil edilmişdir. Uzun illər uyğunlaşdırılmış, darısqal binada fəaliyyət göstərən muzeyin yeni binasının tikintisinə bu ilin əvvəllərində başlanılmışdır. Müasir tələblərə uyğun inşa edilən yeni binada 200 kvadratmetr sahəsi olan daxili ekspozisiya zalı, habelə fond və elmi heyət üçün xidmət otaqları vardır. Bundan əlavə, binanın həyətində açıq səma altında 400 kvadratmetrlik ekspozisiya sahəsi də fəaliyyət göstərəcəkdir.
Muzeyin ekspozisiyasında qədim dövrdən başlayaraq müasir günümüzədək rayonun tarixini, mədəniyyətini, məişətini əks etdirən 1400 orijinal eksponat və 500-ə yaxın elmi-köməkçi material nümayiş etdirilir. Burada ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş guşədə Prezident İlham Əliyevin regionlara qayğısını əks etdirən “İlham Əliyev Balakəndə” bölməsi diqqəti xüsusi cəlb edir.