SİYASƏT
BƏRDƏLİ QADINLAR QARŞIDAN GƏLƏN PREZİDENT SEÇKİLƏRİNDƏ HEYDƏR ƏLİYEVİN NAMİZƏDLİYİNİ İRƏLİ SÜRƏCƏKLƏR
Aprelin 19-da Azərbaycan qadınlarının ikinci qurultayı qarşısında Bərdə rayon qadınlarının ikinci konfransı keçirilmişdir.
Konfransda qadın problemləri üzrə Milli Fəaliyyət Proqramının rayonda yerinə yetirilməsinin vəziyyəti müzakirə olunmuşdur.
Tədbirin təşkilat komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, əməkdar müəllim Minayə Nəbbaqi, rayon təhsil şöbəsinin müdiri Rəhilə İsmayılova, hüquq məsləhətxanasının müdiri Xanım İsayeva və digər natiqlər ölkəmizin Prezidenti, görkəmli siyasətçi Heydər Əliyevin qadınlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmiş, qadınların cəmiyyətdə qarşılaşdığı problemlərdən söhbət açmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidentinin “Dövlət qadın siyasəti haqqında” Fərmanı qadınların əməyinə verilən böyük qiymətin bariz nümunəsidir.
Konfransda respublika qadınlarının ikinci qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları Bərdənin qadin ictimaiyyəti adından dövlətimizin başçısı Heydər Əliyevə qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürməyə razılıq verməsi barədə müraciət qəbul etmişlər.