ELM VƏ TƏHSİL
BDU-da Cavidin 135 illik yubileyi qeyd edilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Zöhrə Nəbiyeva böyük sənətkar Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb, onun əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, ədəbiyyatımızda mənzum dramaturgiyanın əsasını yaradan böyük sənətkar, eyni zamanda, lirik şeirlər yazıb.
Z.Nəbiyeva ümummilli lider Heydər Əliyevin böyük ədibin yaradıcılığına önəm verdiyini xatırladıb.
Hüquq fakültəsinin tələbəsi Nəzrin Əliyeva bildirib ki, Cavid üçün insan azadlığı, mənəvi azadlıq məsələsi ən əhəmiyyətli məsələ idi. Böyük şairin yaradıcılığında bəşəri ideyalar diqqəti xüsusilə cəlb edir.
Sonra tələbələrdən Prezident təqaüdçüsü İlhamə Hüseynli, Murad Orucov, Gültac İsgəndərli, Sara Quliyeva və başqaları ədibin əsərlərindən parçalar söyləyiblər.