ELM VƏ TƏHSİL
BDU-da “Məntiq klubu”nun növbəti təlimi keçirilib
Bakı, 4 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Məntiq klubu”nun növbəti onlayn təlimi baş tutub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd tələbələrin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak etməsi üçün dəstək olmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən tələbələrin elmə olan marağını artırmaqdır.
Təlimçi, fakültənin I kurs tələbəsi Ülkər Şıxəliyeva məntiq məsələlərinin həllində tələbələrin qarşılaşdığı çətinliklər və bunların aradan qaldırılması strategiyalarını nümunələr əsasında izah edib.
Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq onlayn keçirilən təlimlərdə universitetin bütün fakültələrindən olan tələbələr iştirak edir. Dərslər “Zoom” platforması üzərindən həftədə 2 dəfə olmaqla keçirilir.