ELM VƏ TƏHSİL
BDU-da seminar: İşğaldan azad olunmuş ərazilərdə sağlamlıq turizminin inkişaf perspektivləri
Bakı, 15 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “İşğaldan azad olunmuş ərazilərdə sağlamlıq turizminin inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının baş müəllimi Vüqar Dərgahov mövzu ilə bağlı məruzə edib.
Məruzədə sağlamlıq turizminin dünyada və Azərbaycanda mövcud vəziyyəti, inkişaf istiqamətləri, ölkəmizin bu sahədə rəqabət qabiliyyətindən bəhs olunub. İşğaldan azad olunan ərazilərdə sağlamlıq turizm brendlərinin yaradılması üçün balneoloji, mikroiqlim, ekoloji, mədəni irs amillərinin kompleks tədqiqi istiqamətlərindən söz açılıb.
Regionda 150-dən çox termal və mineral müalicəvi su mənbəyinin olması, bölgənin iqlim-balneoloji potensialı haqqında məlumat verilib. Eyni zamanda, məruzədə sağlamlıq zonalarının ayrılması və destinasiya strategiyasının hazırlanması, “SPA-Willens” tipli sağlamlaşdırma müəssisələrinin təşkili, təbii və mədəni sərvətlərin sağlamlıq müəssislərinin təşkilində istifadəsi, yüksək kateqoriyalı sağlamlıq müəssisələri ilə yanaşı, butik istirahət mərkəzlərinin təşkili, “Yaşıl otel”, “Smart otel”, “Ekobutik kurort” konsepsiyasının tətbiqinə üstünlük verilməsi qeyd olunub.
Elmi seminarda professor Yaqub Qəribov, dosentlər - Saleh Nağıyev, Həbibə Soltanova, Elxan Nuriyev, Mətanət Musayeva, Sahilə Allahverdiyeva, baş müəllim Gülşən Soltanova, müəllim Polad Orucov mövzu haqqında çıxış ediblər.