İQTİSADİYYAT
BERLİNDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNƏ HƏSR EDİLMİŞ MİTİNQLƏR KEÇİRİLMİŞDİR
Berlində fəaliyyət göstərən Azərbaycan Akademiklər Birliyinin təşəbbüsü ilə fevralın 25-də Ermənistanın Berlindəki səfirliyi önündə dinc etiraz aksiyası keçirilmişdir. Berlin polisinin müşayiət etdiyi mitinqdə 150-dən artıq iştirakçı olmuşdur.
Fevralın 26-da isə “Azərbaycan Evi”nin təşəbbüsü ilə Azərbaycan və türk diasporunun nümayəndələri Berlinin mərkəzi və tarixi yerlərindən sayılan Qedextniskirxenin (Yaddaş kilsəsi) ətrafında dinc etiraz mitinqi keçirmişlər. Yaddaş kilsəsi İkinci Dünya müharibəsində bombardman edilmiş və sonradan yalnız qismən bərpa olunmuşdur. Qərbi Berlinin mərkəzində yerləşən bu kilsə tarixiliyi ilə seçilir. Bu mitinqdə də 150-dən artıq insan iştirak etmişdir.
“Azərbaycan Evi” bir neçə ay öncə təsis edilmişdir və orada əsasən Azərbaycandan olan və hazırda Almaniyada yaşayan yəhudilər cəmləşmişdir.
Mitinqlərdə “Biz Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasını tələb edirik”, “Biz Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını tələb edirik”, “Azərbaycan yəhudiləri Ermənistanın Azərbaycana qarşı təcavüzünü ittiham edir”, “Avropa niyə susursan?!” şüarları səsləndirilmişdir.
Tədbirlərdə Xocalı faciəsi ilə bağlı faktları əks etdirən mindən artıq vərəq yayılmışdır. Hər iki aksiyada Azərbaycanın, Almaniyanın və Türkiyənin dövlət bayraqları qaldırılmışdır. Almaniyanın TD 1 türk-alman televiziya kanalı və RBB (Region Berlin Brandenburq) telekanalı mitinqlərdən çəkilişlər aparmışlar.
Berlində fəaliyyət göstərən Azərbaycan və türk cəmiyyətlərinin rəhbərləri və üzvləri, Berlin Azad Universiteti, Berlin Humboldt Universiteti və Berlin Texniki Universitetində təhsil alan və tədqiqat aparan soydaşlarımız, Hamburq və Nürnberqdən gəlmiş azərbaycanlılar mitinqlərdə iştirak etmişlər.
Mitinqlərdən əlavə Xocalı faciəsi şəhidlərinin xatirəsinə həsr edilmiş anma mərasimləri də keçirilmişdir. Fevralın 24-də Avropa Azərbaycanlıları Konqresi Berlin şəhərində, fevralın 26-da Azərbaycan-Almaniya dostluq və Mədəniyyət Cəmiyyəti Nürnberqdə, elə həmin gün Azərbaycan Cəmiyyətləri Federasiyası Berlində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər təşkil etmişlər.