ELM VƏ TƏHSİL
BEYNƏLXALQ KOSMİK STANSİYANIN HEYƏTİ ALİMLƏRƏ NOBEL MÜKAFATI ALMAQDA KÖMƏK EDƏ BİLƏR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, alimlərin fikrincə, beynəlxalq kosmik stansiyanın heyəti Nobel mükafatına layiq olan “Plazmalı kristal” adlı təcrübə aparır.
Moskva ətrafında yerləşən Uçuşları İdarəetmə Mərkəzindən bildirmişlər ki, fevralın 2-də “Plazmalı kristal” təcrübəsinin PK-3 aparatında 12-ci yekun mərhələsi başlanmışdır. Toz plazması fizikası sahəsində tədqiqatlar beş gün ərzində davam edəcəkdir. Bu, Rusiya Elmlər Akademiyası (REA) Ekstremal Halların İstilik Fizikası İnstitutu (EHİFİ) və Almaniyanın Yerdənkənar Fizika İnstitutunun (YFİ) birgə əməkdaşlığının məhsuludur. Təcrübənin nəticələri nüvə qəzaları zamanı atmosferə zəhərli atılan tullantıları zərərsizləşdirən “tozsoran” yaratmağa, habelə kosmik aparatlar üçün güclü və yığcam nüvə qida mənbələri hazırlamağa imkan verəcəkdir.