İQTİSADİYYAT
“BİNƏQƏDİNEFT”İN ƏRAZİSİ TENDER ÇƏRÇİVƏSİNDƏ TƏMİZLƏNƏCƏK
ARDNŞ-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, neftqazçıxarma idarələrinin ərazilərində torpaqların təmizlənməsi layihəsi hazırlanır. Ekoloji layihəni həyata keçirmək üçün “Binəqədineft” NQÇİ-nin ərazisində sahə seçilmişdir və bunun üçün tender tapşırığı hazırlanır. Bundan əvvəl ərazilərin təmizlənməsinin təcrübi layihəsi H.Z.Tağıyev adına NQÇİ-nin çirklənmiş sahəsində həyata keçirilmişdir. Tenderdə həm xarici, həm də yerli təşkilatlar, institutlar və şirkətlər iştirak edə biləcəkdir. Qeyd edək ki, Bakı mədənlərinin işlənildiyi illər ərzində yalnız son bir neçə ildə Milli Neft Şirkəti ekoloji layihələri həyata keçirir. Neft mədənlərinin əraziləri qazma şlamları, plato suları və lay qumu, neft və neft məhsulları ilə çirklənmişdir. Torpaqlar, əsasən, texniki təmizləmədən keçəcəkdir. Yalnız kənd təsərrüfatı bitkilərinin əkini üçün nəzərdə tutulmuş ərazilərdə bioloji təmizləmə işləri aparılacaqdır.