DÜNYA
BİNƏQƏDİ RAYONUNDA YENİ MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKI İSTİFADƏYƏ VERİLMİŞDİR
Mayın 9-da Binəqədi rayonunda ümumi sahəsi 4,5 hektar olan yeni mədəniyyət və istirahət parkının açılışı olmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov, parlamentin deputatı Həsən Mirzəyev, Binəqədi rayon icra hakimiyyətinin başçısı Hüseyn Hüseynov və başqaları rayon sakinlərini təbrik etdilər, ölkəmizdə görülən işlərdən danışaraq bildirdilər ki, respublikamızda Prezident Heydər Əliyevin rəhbərliyi altında yaradılmış ictimai-siyasi sabitlik əhalinin sosial-məişət şəraitinin yaxşılaşmasına imkan yaradır.
Parkın ərazisində böyüklər və balacalar üçün istirahət zonaları, müasir tipli avadanlıqla təmin olunmuş karusellər, yellənəcəklər, uşaqlar üçün oyun meydançaları və digər əyləncə guşələri var. Sahəsi 900 kvadratmetr, su tutumu 1500 kubmetr olan süni göl və respublikamızda bənzəri olmayan, hündürlüyü 60-85 metrə çatan fəvvarə parka xüsusi yaraşıq verir. Parkın girəcəyindəki 10 sütunlu 9 tağlı alaqapı diqqəti uzaqdan cəlb edir. Bir vaxtlar baxımsız qalmış park indi paytaxt sakinlərinin yaraşıqlı istirahət guşələrindən birinə çevrilmişdir.
Mərasimin sonunda incəsənət ustaları və rayon özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış etdilər.
X X X
Həmin gün YAP Binəqədi rayon təşkilatının yeni binası istifadəyə verilmişdir. Milli Məclisin sədri, Yeni Azərbaycan Partiyasının sədr müavini Murtuz Ələsgərov, Binəqədi rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Hüseyn Hüseynov, deputatlar və rayon ictimaiyyətinin nümayəndələri mərasimdə çıxış edərək, ölkənin ictimai-siyasi həyatında, müstəqil Azərbaycanın tərəqqisində bu partiyanın rolundan danışdılar. Sonra mərasim iştirakçıları binanın iş otaqları, geniş iclas salonu, analitik informasiya mərkəzi ilə tanış oldular.
YAP-ın icraçı katibi Əli Əhmədov mərasimdə iştirak edirdi.