SİYASƏT
BİNƏQƏDİ SƏHİYYƏ İŞÇİLƏRİNİN ÜMUMMİLLİ LİDERİMİZƏ EHTİRAMLARI ƏBƏDİDİR
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81 illiyi ərəfəsində Fəxri xiyabana, onun məzarını ziyarət etməyə gələnlərin sayı daha da artmışdır. Mayın 5-də Binəqədi rayonunun səhiyyə işçiləri Azərbaycan xalqının böyük oğluna ehtiramlarını ifadə etmək üçün buraya gəlmişdilər. Onlar ölkəmizin səhiyyəsinin inkişafı üçün çox işlər görmüş, müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində əvəzsiz xidmət göstərmiş bu insanın məzarı üzərinə təzə güllər qoymuş, xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon 6 nömrəli birləşmiş xəstəxanasının baş həkimi Rafael Mehdiyev AZƏRTAC-ın müxbirinə demişdir ki, Heydər Əliyev xalqımızın yaddaşında dərin iz qoyub getmişdir. Heydər Əliyev bizim üçün əvəzedilməz insan olmuşdur. Onun xalqımız qarşısında xidmətləri çox böyükdür, heç bir ölçüyə sığmır. Bu şəxsiyyət yaddaşımızda əbədi qalacaqdır. Bu gün bir daha onun xatirəsi, böyüklüyü qarşısında baş əyir, “Allah rəhmət eləsin!” deyirik. Burada möhtəşəm bir abidə ucaldılacağını səbirsizliklə gözləyirik. Əminik ki, o, Heydər Əliyevin adına və şəxsiyyətinə layiq olacaqdır.