İQTİSADİYYAT
BİRİNCİ DÖVLƏT İNVESTİSİYA PROQRAMI HAZIRLANMIŞDIR
Dövlətin investisiya siyasətinin şəffaflığını artırmaq və layihələrin ardıcıllıqla həyata keçirilməsini təmin etmək məqsədilə İqtisadi İnkişaf Nazirliyində hökumətin digər iqtisadi strukturları ilə əməkdaşlıq şəraitində ilk dəfə olaraq dövlət investisiya proqramı hazırlanmışdır.
Nazirlik mütəxəssislərinin fikrincə, 2003-2005-ci illəri əhatə edən bu proqramdakı layihələr hər il dəqiqləşdiriləcəkdir. Sahibkarlığın inkişafı üçün şəraitin yaxşılaşdırılması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2003-cü ildə bütün maliyyə mənbələri üzrə kapital qoyuluşunun həcmi 21,9 faiz artaraq 13,2 trilyon manat təşkil edəcəkdir. Xarici sərmayələrin 2 milyard dollardan artıq olacağı, onların ümumi sərmayələrdə xüsusi çəkisinin isə 77,8 faizə çatacağı proqnozlaşdırılır. Dövlət investisiya xərclərinə gəldikdə isə, bu illə müqayisədə gələn il onların xeyli artacağı gözlənilir. Bu vəsait, əsasən, məktəblərin, xəstəxanaların, şəhid ailərləri üçün yaşayış evlərinin və digər sosial obyektlərin tikintisinə, habelə yolların, suvarma sistemlərinin bərpasına xərclənəcəkdir.
Nazirlik proqramın həyata keçirilməsi ilə yanaşı, 2003-cü ildə Bakıda beynəlxalq investisiya konfransı keçirməyi də nəzərdə tutur. Bundan başlıca məqsəd xarici sərmayələrin Azərbaycan iqtisadiyyatına daha geniş cəlb olunması və ölkənin investisiya imkanlarının təbliğ edilməsidir.