SİYASƏT
BİZ BUNDAN SONRA CƏNAB İLHAM ƏLİYEV TƏRƏFİNDƏN İNAMLA, DƏYANƏTLƏ, SƏDAQƏTLƏ DAVAM ETDİRİLƏN HEYDƏR ƏLİYEV SİYASƏTİNƏ XİDMƏT EDƏCƏYİK
Bəyanatda deyilir ki, komissiya üzvü olan biz müsavatçılar seçkinin nəticələri ilə tam razılaşdıq və bunu imzalarımızla təsdiq etdik. Sevindik ki, Azərbaycanı gələcəyə aparacaq, onun sabahını daha firavan edəcək Heydər Əliyev siyasi xəttinə sədaqətli böyük bir şəxsiyyət prezident seçildi. Bu qələbəni görmək, buna sevinmək lazım idi.
Daha sonra bəyanatda deyilir ki, prezidentliyə hər bir namizəd məğlubiyyətini etiraf edib, doğma ölkəmiz üçün gücü, imkanı çərçivəsində çalışmalı idi. Lakin üzv olduğumuz Müsavat Partiyasının başçısı İsa Qəmbərdə bu xüsusiyyət tapılmadı.
Bəyanatın müəllifləri hakimiyyətə gəlməyi zorakılıqda, iğtişaşlar törətməkdə, qan tökməkdə, öz tərəfdaşlarını dövlətə qarşı çıxmağa təhrik etməkdə görən, məğlubiyyəti etiraf etmyə cəsarəti çatmayan, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirən İsa Qəmbərin Azərbaycanı ötən əsrin 90-cı illərinin əvvəllərinə qaytarmaq cəhdini qətiyyətlə pislədiklərini, müsavat adı altında fəaliyyət göstərən qaragüruhçular partiyası sıralarından çıxdıqlarını bildirirlər. Bəyan edirlər ki, onların yolu haqqı, ədaləti tapdalayanlarla bir ola bilməz.
Bəyanat bu sözlərlə bitir: “Biz “düşmən dəyirmanına su tökən”lərlə məsləkdaş ola bilmərik, bunu özümüzə rəva bilmirik, Müsavat Partiyası sıralarını tərk edirik. Bundan sonrakı fəaliyyətimizi cənab İlham Əliyev tərəfindən inamla, dəyanətlə, sədaqətlə davam etdirən Heydər Əliyev siyasətinə xidmət etməkdə görürük”.
Bəyanatı Müsavat Partiyası İsmayıllı rayon təşkilatının 22 üzvü imzalamışdır.