CƏMİYYƏT
BMT Dünya okeanında plastik tullantılar əleyhinə mübarizə aparmaq niyyətindədir
Bakı, 2 iyun, AZƏRTAC
Əgər insanlar sellofan paket və plastik butulka kimi birdəfəlik plastik məmulatdan istifadə etməkdən əl çəkməsələr, 2050-ci ilə qədər Dünya okeanında balıqdan çox plastik kütlə olacaq. Bunu BMT-nin məlumatları təsdiq edir.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) mütəxəssisləri bildirirlər: “Plastik kütlə İndoneziya çimərliklərinə axıdılır, Şimal Buzlu okeanın dibinə çökür və qida zənciri vasitəsilə süfrələrimizə yol açır”.
1950-ci ildə dünya əhalisi (2,5 milyard adam) 1,5 milyon ton plastik kütlə istehsal edib. 2016-cı ildə planetimizin sakinlərinin sayı 7 milyard nəfəri ötüb, plastik kütlənin miqdarı isə 300 milyon tona çatıb və bu da dəniz bitkiləri və heyvanları üçün əsl fəlakətə çevrilib.
UNEP-in mətbuat katibi Petter Malvik BMT-nin Xəbərlər Xidmətinə müsahibəsində bildirib ki, bəzi hesablamalara görə, bu əsrin ortalarına qədər dəniz quşlarının 99 faizi müəyyən miqdarda plastik kütlə udacaq.
Birləşmiş Millətlər Təşkilatı bu ilin fevralında İndoneziyanın Bali adasında keçirilən Dünya okeanı üzrə Ümumdünya sammitində plastik kütləyə müharibə elan edib. Həmin sammitdə “Təmiz dənizlər” ((#CleanSeas) kampaniyasına start verilib. BMT bu kampaniya çərçivəsində hökumətləri plastik kütlə istehsalının azaldılması üçün tədbirlər görməyə, sənayeni plastik qablaşdırma istehsalının azaldılmasına təşviq etməyə, insanları öz vərdişlərindən əl çəkməyə inandırmağa çağırır.
Petter Malvikin sözlərinə görə, “Təmiz dənizlər” kampaniyası artıq müəyyən uğurlar qazanıb. Amma onun müvəffəqiyyətlə başa çatmasına hələ çox var. Kampaniya şəxsi gigiyena əşyalarında və kosmetik mallarda mikroqranullardan istifadəyə qlobal qadağa qoyulmasına, habelə birdəfəlik plastik məmulatın istehsalının və istifadəsinin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq məqsədi daşıyır.