CƏMİYYƏT


BMT QAK Almaniyanın maddi dəstəyi ilə Azərbaycanda qaçqın tələbələrin ali təhsil almasına kömək edir

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Guido Ambroso və Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ali təhsil xərclərinin qarşılanması məqsədilə təqaüd almış 9 qaçqın tələbə ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, təqaüdlər Almaniya Federal Hökumətinin maliyyə dəstəyi ilə BMT QAK-ın DAFI (Qaçqınlar üçün Albert Eynşteyn adına alman akademik təşəbbüsü) proqramı çərçivəsində verilib.

BMT QAK-ın ali təhsil təqaüdü proqramı olan DAFI dünyada qaçqınların ali təhsil almasında mühüm rol oynayır. Təsis edildiyi 1992-ci ildən indiyədək proqram çərçivəsində 15 min 500-dən çox qaçqın tələbənin sığınacaq tapdığı 50-dən çox ölkənin, o cümlədən Azərbaycanın universitet və kolleclərində təhsil almalarına yardım göstərilib. DAFI proqramı Azərbaycanda 2010-cu ildə fəaliyyətə başlayıb, indiyədək 36 gənc qaçqına dəstək göstərilib, o cümlədən bu yaxınlarda 2019-2020-ci tədris ilinin başlanması ərəfəsində 9 yeni tələbə bu məqsəd üçün seçilib.

Guido Ambroso qaçqınların həyatlarını yenidən qurmalarına imkan yaradılmasında təhsilin vacibliyini və rolunu vurğulayıb. O deyib ki, keyfiyyətli təhsil və maddi baxımdan təminat imkanlarının artırılması vasitəsilə insan potensialının təşviq edilməsi BMT QAK-ın qlobal strateji prioritetlərindən biridir, habelə pulsuz və keyfiyyətli təhsili hədəf kimi qarşıya qoyan 4-cü dayanıqlı inkişaf məqsədinə uyğundur.

Nümayəndə, həmçinin beynəlxalq himayəyə ehtiyacı olan şəxslərin ölkədə qalmasına icazə verdiyinə görə Azərbaycan Hökumətinə minnətdarlığını ifadə edib. G.Ambroso BMT QAK-ın mandatı altında olan qaçqınların tezliklə qanuni işləmək hüququna malik olacaqları ilə bağlı nikbin gözləntisini bölüşüb və ölkənin inkişafına onların töhfə vermələrinə imkan yaradacağını qeyd edib.

Səfir Volfqanq Maniq deyib: "Biz gənclərin və istedadlı tələbələrin öz potensiallarını tam inkişaf etdirmələrinə dəstək verməkdən və onların həyatı üçün perspektiv yaratmaqdan qürur duyuruq". Diplomat qaçqın gənclərə təhsil almaqda göstərdiyi dəstəyə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib.

Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova

miqrantların, qaçqınların və sığınacaq axtaranların himayəsinin və onlara təklif olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında Azərbaycan Hökumətinin gördüyü işləri qeyd edib.

Tədbirdə, həmçinin yeni seçilmiş tələbələrin valideynləri və qaçqın icmasının nümayəndələri iştirak ediblər. Onlar Almaniya Hökumətinin BMT QAK vasitəsilə göstərdiyi dəstəyi yüksək qiymətləndiriblər. Valideynlər, həmçinin Azərbaycanda qaçqınlar üçün yaradılan səmimi qonaqpərvərlik mühitini yüksək dəyərləndirib, tolerantlığına və qonaqpərvərliyinə görə minnətdar olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.