DÜNYA
BMT Təhlükəsizlik Şurasında “Böyük Efiopiya Dirçəliş Bəndi” ilə bağlı müzakirələr aparılıb
Qahirə, 30 iyun, AZƏRTAC
Rəsmi Qahirənin müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında (TŞ) Şimali Afrikanın üç ölkəsi – Misir, Efiopiya və Sudan arasında uzun müddətdir mübahisə obyekti olan “Böyük Efiopiya Dirçəliş Bəndi” üzrə videokonfrans vasitəsilə müzakirələr aparılıb.
Misirin Xarici Əlaqələr Şurasından AZƏRTAC-a bildiriblər ki, BMT TŞ-nin daimi üzvləri ABŞ, Çin, Fransa, Böyük Britaniya nümayəndələri problemin həllinin yalnız dialoq yolu ilə mümkün olduğunu bəyan ediblər. Qeyd olunub ki, bir neçə gün əvvəl Afrika İttifaqının təşəbbüsü ilə keçirilən mini sammitdə məsələlərin 90 faizinə dair konsensus əldə olunub.
Misirin Xarici İşlər naziri Sami Şükrü qeyd edib ki, Nil çayının suyunun azalması onun ölkəsində və Sudanda 150 milyon insanın həyatı üçün təhlükə yaradacaq. O əlavə edib ki, hər iki ölkə su qıtlığı ilə üz-üzədir və bəndin doldurulması yeganə həyat mənbəyi olan Nilin səviyyəsinin xeyli azalması ilə nəticələnəcək. Misirli nazir BMT-ni bu məsələ ətrafında potensial münaqişənin qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırıb.
Ölkəsinin ağır sosial vəziyyətindən bəhs edən Efiopiyanın BMT-də daimi nümayəndəsi Taye Atske isə xatırladıb ki, 1995-ci ildə Misir Nil çayı üzərində Toşka adlı layihəni birtərəfli qaydada həyata keçirib və Asuan bəndini su ilə doldurub. O əlavə edib ki, Efiopiyada əhalinin 65 faizi elektrik enerjisindən məhrumdur və milyonlarla insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
Tərəflər iki həftə müddətində mübahisəli məsələnin həllinə dair yekun sənədin təqdim ediləcəyini bildiriblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə