İQTİSADİYYAT
BMT-nin Avropa İqtisadi Komissiyasının Beynəlxalq yük daşımalarla bağlı sessiyası Azərbaycanın sədrliyi ilə keçirilir
Bakı, 13 oktyabr, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində Beynəlxalq Yük Daşımaları Kitabçası (BYD) tətbiq etməklə beynəlxalq yük daşımaları haqqında gömrük konvensiyasının İnzibati Komitəsinin (AC.2) 64-cü və Nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupun 144-cü sessiyası keçirilir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyalarda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. BYD İnzibati Komitəsinin (AC.2) 64-cü sessiyası Azərbaycanın sədrliyi ilə keçirilir.
Sessiyada Konvensiyanın müddəalarının icra vəziyyəti, ayrı-ayrı maddələrə düzəlişlərlə bağlı təkliflər və digər hüquqi məsələlər müzakirə edilir.
Qeyd edək ki, 1975-ci ildə imzalanmış Beynəlxalq Yük Daşımaları Kitabçası tətbiq etməklə beynəlxalq yük daşımaları haqqında gömrük konvensiyası hazırda yeganə qlobal tranzit sistemidir və ölkələrdə konvensiyanın tələbləri əsasında beynəlxalq avtomobil daşımaları zamanı tranzit prosedurları və gömrük tənzimlənməsi məsələlərini əhatə edir.