CƏMİYYƏT


BMT-nin İnkişaf Proqramı rəhbərinin müavini Azərbaycana səfər edəcək

Bakı, 11 mart, AZƏRTAC

BMT-nin İnkişaf Proqramı (BMTİP) rəhbərinin müavini və BMTİP-in Avropa və MDB üzrə regional bürosunun direktoru xanım Miryana Spolyariç Eqqer martın 12-də Azərbaycana üçgünlük rəsmi səfərə gələcək.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından AZƏRTAC-a bildiriblər ki, büdcə gəlirlərini əsas etibarilə neft hesabına formalaşdıran və yoxsulluqla mübarizə sahəsində mühüm irəliləyişə nail olan Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində səy göstərməyə davam edərək, iqtisadi artımdan və dövlət xidmətlərindən faydalanan əhalinin sayının artması istiqamətində tədbirlər görür. Son aylarda Azərbaycan hökuməti BMTİP ilə birlikdə əlilliyi olan insanların öz bizneslərini qurmasına kömək etmək, əhalinin təcrid olunmuş qruplarının, o cümlədən əlilliyi olan müharibə veteranlarının məşğulluq imkanlarını yaxşılaşdırmaq və ölkədə vacib dərman vasitələri ilə təminatı genişləndirmək məqsədi daşıyan üç önəmli layihəyə start verib.

Azərbaycana səfəri çərçivəsində xanım Spolyariç Eqqer məşğulluq, ətraf mühitin mühafizəsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi və şəhərlərin dayanıqlılığı kimi əsas sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə hökumət rəsmiləri, bir sıra nazirliklərin rəhbərləri ilə görüşlər keçirəcək.

Xanım Spolyariç Eqqer Bakının Xəzər rayonunda yeni Qadın Resurs Mərkəzinin açılışında iştirak edəcək, “ASAN xidmət” mərkəzinə baş çəkəcək. O, həmçinin “Yeni xarici siyasət” mövzusunda VII Qlobal Bakı Forumuna qatılacaq və Yer Kürəsi İnstitutunun nümayəndəsi Ceffri Saks və BMTİP-in keçmiş rəhbəri Helen Klarkla eyni panel sessiyasında dayanıqlı inkişafa keçidin siyasi-iqtisadi aspektlərini müzakirə edəcək. Xanım Spolyariç Eqqer, həm də Azərbaycanda ilk dəfə “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən və BMTİP-in ənənəvi olaraq hər il təşkil etdiyi əsas tədbirlərdən biri olan 6-cı Regional İnternet İdarəçiliyi Forumunda açılış nitqi söyləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.