SİYASƏT


BÖHTANI, ŞƏRİ SİYASİ MÜBARİZƏ VASİTƏSİ HESAB EDƏN NANKORLAR LAYİQLİ CƏZALARINI ALMALIDIRLAR

BALAKƏN RAYON AĞSAQQALLARININ, QEYRİ -HÖKUMƏT VƏ İCTİMAİ TƏŞKİLATLARININ, İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİNİN ÜMUMRAYON TOPLANTISI İŞTİRAKÇILARININ AZƏRTAC-A GÖNDƏRDİKLƏRİ BƏYANATDA BU FİKRİ XÜSUSİ VURĞULAYIRLAR

Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı son günlər xalqımızın keçirdiyi narahatçılığın səbəbi başadüşüləndir. Bunu, əlbəttə, xalqın öz müdrik Prezidentinə olan diqqətinin göstəricisi kimi qiymətləndirmək lazımdır. Həyatın qanunu elədir ki, hər bir insan xəstələnə bilər. Bu, insan üçün qəbahət deyil. Prezident də insandır. Onun da xəstələnəndə həkimlərə müraciət etməsi normal haldır.

Lakin çox təəssüf ki, Azərbaycan vətəndaşlarının əksəriyyətindən fərqli olaraq, bir ovuc müxalifətin və onlara xidmət edən “Yeni Müsavat”-ın və digər qəzetlərin həmin məsələyə münasibəti insanda ikrah hissi doğurur. Dağıdıcı müxalifət insani dəyərləri, adi etik normaları pozur, azərbaycanlı mentalitetinə xas olan alicənablıq və böyüyə hörmət hisslərini tamamilə unudaraq öz siyasi maraqları, şəxsi ambisiyaları naminə ədəbsiz hərəkətlərini davam etdirir. Söz yox ki, Prezidentimizin səhhəti ilə bağlı məsələyə münasibətdə şərəfsiz mövqe tutmağı özlərinin siyasi gedişi hesab edən müxalifətin necə böyük səhv addım atdığını hamı başa düşür və onları qətiyyətlə pisləyir.

Məkrli qüvvələrin mətbuat səhifələrinə çıxardığı səviyyəsiz, mənəviyyatdan uzaq, Prezidentimizin şərəf və ləyaqətinə xələl gətirmək məqsədi ilə çap etdirdikləri böhtan dolu cızmaqaralar ölkəmizin hər yerində olduğu kimi, Balakəndə də ictimaiyyət tərəfindən böyük hiddətlə qarşılanır.

Azərbaycanın müstəqilliyini təmin etmiş, onu bir dövlət kimi dünyada tanıtmış, ölkənin dağılmaqda olan iqtisadiyyatını inkişaf yoluna çıxarmış bir şəxsiyyətin ünvanına xalq üçün əlini ağdan qaraya vurmayan, özlərini siyasətçi adlandırsalar da, burunlarının ucundan irəlini görməyən bir sıra müxalifətçilər tərəfindən yazılan məkrli materialları görəndə adam dözə bilmir. Biz ağsaqqallar Prezident Heydər Əliyevin 34 il Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü nəhəng işlərin canlı şahidləriyik. Bütün bunları danmaq saxtakarlıq və tarixi inkar etmək deməkdir. Dövlətimizin rəmzi olan Prezidentimizin, xalqın ağsaqqalı və ümummilli liderinin adının qəzet səhifələrində təhqiramiz ifadələrlə hallandırılması adət- ənənələrimizə, milli əxlaqımıza zərbə olmaqla bərabər, cinayətdir. Biz belə hallara dözməməliyik.

Biz, Balakənin ağsaqqalları, qeyri-hökumət təşkilatlarının, ictimai qurumların üzvləri özünü müxalifət adlandıran bir qrup adamın iyrənc çıxışlarını və yazılarını pisləyir, əlaqədar orqanları xalqı aldadıb ölkədə ictimai rəyi çaşdırmağa, sabitliyi pozmağa yönəlmiş hərəkətlərin qarşısını almağa çağırırıq.

Biz tələb edirik ki, müxalifət mətbuatında baş alıb gedən şərə, böhtana son qoyulsun. Bu cür çirkin oyunlara qoşulan, səhifələrində Prezidentimiz haqqında qeyri-etik ifadələr işlədən, onun öz xalqı üçün ölçüyəgəlməz xidmətlərinə kölgə salmağa çalışan qəzetlər barədə tədbir görülsün.

Qarşıdan prezident seçkiləri gəlir. Bütün Azərbaycanda olduğu kimi, Balakəndə də hamı Heydər Əliyevin namizədliyini dəstəkləyir və onun yenidən Prezident seçilməsini istəyir. Çünki hamı Vətənin inkişafını, özünün gələcəyini, balalarının xoşbəxtliyini dünya söhrətli Prezidentimizin adı ilə bağlayır, respublikamızda yaratdığı sabitlikdə və əmin-amanlıqda görür.

Biz belə hesab edirik ki, hər kəs öz əməlinə görə məsuliyyət daşımalıdır. Müxalifət düşərgəsində özünə yuva salmış, xalqına naxələf çıxan bir sıra adamlar tutduqları iyrənc yoldan əl çəkməli, ümummilli mənafeləri hər şeydən uca tutan insanlara mane olmamalıdırlar. Əks təqdirdə, tərbiyəsizliyi və əxlaqsızlığı siyasi mübarizə vasitəsi kimi qəbul edənlərə demokratik Azərbaycan cəmiyyətində yer olmayacaqdır. Onlar qanun qarşısında cavab verib layiqli cəzalarını almalıdırlar.

Biz balakənlilər isə həmişə olduğu kimi, yenə də öz müdrik Prezidentimiz Heydər Əliyevlə birlikdəyik və növbəti prezident seçkilərində də onu dəstəkləyəcəyik.

Bəyanatı rayon ağsaqqallar şurası, müharibə

və əmək veteranları şurası, Qarabağ Müharibəsi

Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi,

həmkarlar ittifaqları təşkilatları, qadın

təşkilatları, Qızıl Aypara Cəmiyyəti rayon təşkilatı

adından 347 nəfər imzalamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.