İDMAN
BOK Yoşiro Morinin istefa qərarına hörmətlə yanaşıb
Bakı, 12 fevral, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio Yay Olimpiya və Paralimpiya oyunlarının Təşkilat Komitəsinin sədri Yoşiro Morinin qadınlar barədə səsləndirdiyi fikirlərə görə baş verən qalmaqal səbəbindən istefa qərarına hörmətlə yanaşır və başa düşür.
AZƏRTAC qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, bu fikirləri BOK prezidenti Tomas Bax bildirib. O qeyd edib ki, BOK Yoşiro Morinin təqaüdə çıxma ilə bağlı qərarına tam hörmət edir və bunun səbəblərini anlayır. Bununla yanaşı, BOK rəsmisi Y.Morinin ötən illər ərzində Tokionu ən hazırlıqlı Olimpiya şəhəri halına gətirməyə kömək etdiyini vurğulayıb.
Xatırladaq ki, ötən həftə yarışlara hazırlıqla bağlı təşkil edilən iclasların birində Y.Mori belə müzakirələrdə qadınların həddindən artıq çox danışdığını və nəticədə bunun böyük vaxt itkisinə səbəb olduğunu bildirib. Onun bu fikri həm ölkə daxilində, həm də xaricdə çox böyük tənqidə səbəb olub.