İQTİSADİYYAT
BP: Cari ildə “Azəri-Çıraq-Günəşli” üzrə ümumi hasilat gündəlik orta hesabla 581 min barrel olacaq
Bakı, 30 noyabr, AZƏRTAC
Cari ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə ümumi hasilat gündəlik orta hesabla 581 min barrel olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Qeyd edək ki, bu vaxtadək AÇG yataqlar blokundan ümumi neft hasilatı 3,5 milyard barrelə çatıb. Cari ilin yanvar-sentyabr aylarında isə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasilat 161 milyon barrel, yəni 22 milyon ton təşkil edib. Hesabat dövründə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (47 min), “Mərkəzi Azəri” (156 min), “Qərbi Azəri” (126 min), “Şərqi Azəri” (97 min), “Dərinsulu Günəşli” (105 min) və “Qərbi Çıraq” (57 min) platformalarından birlikdə gündəlik orta hesabla 588 min barrel olub.
Sentyabr ayının sonuna AÇG-də ümumilikdə 112 neft hasilat quyusu, 53 qaz və su injektor quyusu istismarda olub. Üç rüb ərzində blokda 5 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb. Doqquz ayda AÇG layihəsinə təqribən 367 milyon dollar əməliyyat və 825 milyon dollar isə əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.
Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.