ELM VƏ TƏHSİL
BSU-da bu gün ilk dərslər Vətən müharibəsi şəhidlərinə həsr edilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Bakı Slavyan Universitetində (BSU) 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
Öncə BSU-nun rəhbərliyi, əməkdaşları və tələbələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla anılıb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, kollektiv Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə gül dəstələri düzüblər.
“BSU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində bu gün auditoriyalarda ilk dərslər Vətən müharibəsi şəhidlərinə həsr edilib. Eyni zamanda, universitetin foyesində Vətən müharibəsi şəhidlərinə aid kitab sərgisi, əcnəbi və yerli tələbələrin Hərbi Qənimətlər Parkına ziyarəti təşkil olunub. Bununla yanaşı, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.