ELM VƏ TƏHSİL
BSU-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Bakı Slavyan Universitetində (BSU) ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndərin bu ali məktəbdəki büstü önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrinə, o cümlədən elmin, təhsilin inkişafına böyük diqqət yetirirdi.
N.Əliyeva Ümummilli Liderin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalqın məhəbbətini qazanan Öndər kimi qaldığını diqqətə çatdırıb. O deyib: “Ulu Öndər hər zaman bütün dünyada böyük hörmətlə qarşılanıb. O, Azərbaycanla fəxr edirdi. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı, şəxsiyyət tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərdə özünə yer tapan milli liderimiz, güvənc yerimizdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti olub”. Azərbaycanın tarixboyu çox çətin yollar, sınaqlar qarşısında qaldığını xatırladan N.Əliyeva qeyd edib ki, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Rektor Ulu Öndərin Azərbaycan dilinin təbliği və inkişafı istiqamətindəki xidmətlərindən də danışıb. N.Əliyeva bu gün Azərbaycan dilinin hərtərəfli inkişafının, dövlət dilinə çevrilməsinin, diplomatiya aləminə yol açmasının, dünyanın ən mötəbər tribunalarından eşidilməsinin ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlı olduğunu vurğulayıb.
Bu gün Ulu Öndərin məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, müstəqil Azərbaycanın daha da güclənməsi istiqamətində mühüm işlər görüldüyünü deyən N.Əliyeva ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edib. O, dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttinin əzmlə davam etdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm rolu olduğunu, Qarabağ həqiqətlərinin, azərbaycanlılara qarşı törədilən genosidin dünyaya çatdırılmasında onun böyük işlər gördüyünü diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin BSU üzrə sədri Şirin Hüseynzadə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış edib. O, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
BSU-nun tələbələri Mirpaşa İlyasov “Xalqın lideri”, Ayxan Əzizov “Dünya liderləri Heydər Əliyev haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.
Universitetin birinci kurs tələbəsi Sevinc Süleymanova “Ulu Öndər” şeirini səsləndirib.
Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən “Lider” filmi nümayiş olunub.
Sonra BSU-nun professor və müəllimləri, tələbələri Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.