İQTİSADİYYAT
BU İL AZƏRBAYCANDA 2OO “KamAZ” AVTOMOBİLİ YIĞILACAQ
“Azmotors Co Ltd” şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, məşhur zavodun Azərbaycanda müəssisəsinin yaradılması ideyası 1996-cı ildə Tatarıstan Prezidenti Mintemir Şaymiyevin Bakıya səfəri çərçivəsində ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalananda irəli sürülmüşdü. İri yük avtomaşınları yığılan sexin yaradılması məsələsi 2001-ci ildə Rusiya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı da müzakirə edilmişdir. Həmin ilin payızında Azərbaycan iqtisadi inkişaf naziri və “KamAZ” ASC-nin baş direktoru B.Sərdarov adına Bakı maşınqayırma zavodunda avtomobil sexinin açılması haqqında saziş imzalamışlar. Konveyerdən ilk avtomobil 2002-ci il yanvarın 16-da çıxmışdır. Həmin il 82 yük avtomobili yığılmışdır. Ötən il bu rəqəm 150-yə çatdırılmışdır.
Azərbaycan “KamAZ”ları rəqabət qabiliyyətlidir. “Azmotors Co Ltd”yə daxil olan sifarişlər göstərir ki, bu maşınlara, xüsusilə özəl bölmədə, tələbat gündən-günə artır. Ona görə də şirkətin əməkçiləri bu il 200, gələn il isə 500 avtomobil yığmağı planlaşdırmışlar.