REGİONLAR
Babək rayonunda bir gündə 23 cərrahi əməliyyat aparılıb
Babək, 17 aprel, AZƏRTAC
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri Babək Rayon Mərkəzi Xəstəxanasında bir gündə 23 cərrahi əməliyyat aparıb, əhaliyə zəruri tibbi xidmət göstəriblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, cərrahi əməliyyatlarda, ümumilikdə, 25 nəfərdən ibarət tibbi heyət iştirak edib.
Xəstələr üzərində, əsasən, hemorroidoektomiya, fimoz və başqa əməliyyatlar aparılıb. Xəstəxanada növbəti spinal anesteziya ilə yırtıq əməliyyatı da icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb, birgünlük müşahidədən sonra evlərinə buraxılıb.
Babək rayonunun Güznüt kəndindən Gülnarə Nəcəfova, Sirab kəndindən Rəfi Məmmədov, Yarımca kəndindən Elton Məmmədov, Nehrəm kəndindən Nizami Novruzov, Babək qəsəbəsindən Adil Cəmilov başqa yerlərə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunduqlarına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.
Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.
Belə humanitar aksiyaların digər rayonlarda da ilboyu keçirilməsi nəzərdə tutulub.