REGİONLAR
Babək rayonunda yeni ailə təsərrüfatları yaradılır
Babək, 6 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub. Bununla əlaqədar həyata keçirilən tədbirlər mövcud potensialdan səmərəli istifadə olunmaqla Babək rayonunda da yeni ailə təsərrüfatlarının yaradılmasına təkan verəcək.
AZƏRTAC–ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Babək Rayon İcra Hakimiyyətində ailə təsərrüfatı sahibləri ilə keçirilən görüşdə icra hakimiyyətinin başçısı Rasim Hüseynov tərəfindən səsləndirilib.
Rasim Hüseynov bildirib ki, aqrar rayon olan Babəkdə kənd təsərrüfatının dinamik inkişafı üçün kompleks tədbirlər həyata keçirilib, yeni suvarma şəbəkələri qurulub, torpaq mülkiyyətçiləri texnika və texnoloji avadanlıqlarla təmin edilib. Artıq rayonun kəndlərində yaşayış məntəqələrinin təsərrüfatçılıq ənənələrinə uyğun ailə təsərrüfatları formalaşıb.
Vurğulanıb ki, ailə təsərrüfatı məhsullarının satışına dəstək verilməsi üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Belə ki, təsərrüfat sahibləri məhsullarını Naxçıvan şəhərindəki mərkəzi bazarda satmaqla yanaşı, təşkil olunan ənənəvi “Ailə təsərrüfatı məhsulları” festivallarına da çıxarırlar. Ötən il təşkil olunan festivalda babəkli sahibkarlar da yaxından iştirak ediblər. Festivala 50 ailə təsərrüfatı tərəfindən 136 növdə 3014 qablaşdırılmış məhsul çıxarılıb. Sahibkarlardan biri “Ən yaxşı məhsul” nominasiyasında ikinci dərəcəli diplomla təltif edilib.
Sonra Nehrəm kənd sakini Tofiq Abutalıbov, Qaraqala kənd sakini Faiq Bayramov çıxış edərək muxtar respublikada, o cümlədən Babək rayonunda ailə təsərrüfatlarına göstərilən diqqət və qayğıdan danışıblar.