İQTİSADİYYAT
Badamdar şosesinin yenidən qurulmasına başlanılıb
Bakı, 30 mart, AZƏRTAC
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsinin mərkəzi küçəsi olan Badamdar şosesinin müasir layihə əsasında yenidən qurulmasına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, ilk növbədə küçə ərafında yerləşən obyekt və tikililərin inventarizasiyası aparılıb, təcrübəli memarlar tərəfindən müasir layihələr işlənilib və RİH-də vətəndaşlarla görüş keçirilib. Hazırda layihələrin tikili və obyekt sahibləri ilə razılaşdırılması prosesi gedir.
Badamdar yolunun ətrafında yerləşən obyekt və tikililərin inventarizasiyası zamanı buradakı obyektlərin əksəriyyətinin qeyri-qanuni fəaliyyət göstərdiyi aşkar edilib. Onlar vaxtı ilə yaşayış yeri kimi rəsmiləşdirilib, bir çoxunda əlavə torpaq sahələri zəbt olunmaqla əlavə tikinti işləri aparılıb və mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılmayıb. Bəzi yerlərdə isə tikililər yüksəkgərginlikli elektrik xətlərinin birbaşa altında və mühafizə zolağında tikilib, həmçinin şose boyunca bir çox yerlərdə piyada səkiləri də zəbt olunub.
Bununla əlaqədar rayon icra hakimiyyəti tərəfindən vətəndaşlara öz tikili və obyektlərinin qanunauyğun şəkildə sənədləşdirilməsi təklif edilib və onlara qanun çərçivəsində hər cür yardım göstərilir. Eyni zamanda, Badamdar şosesinin kənarlarında zəbt olunaraq tikilmiş və qanunsuz artırılmış, yolun yenidən qurmasına mane olan, səkilərə çıxan tikililərin söküntüsü aparılır.
Badamdar qəsəbə nümayəndəliyindən bildirilib ki, aparılan söküntü işləri ilə bağlı hələ ki, şikayət daxil olmayıb. Hər bir söküntü və tikili işi ilə əlaqədar real vəziyyət araşdırılır.