İQTİSADİYYAT
Bağdadda Azərbaycan-İraq iqtisadi əlaqələri müzakirə edilib
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) ekspert qrupu İraqa səfər edib.
AZƏRTAC xəbər verir ki, səfəri çərçivəsində ekspertlər İraq Parlamentində, Ticarət Nazirliyində, İraq Ticarət Palataları Federasiyasında, İraq Sənaye Palataları Federasiyasında və digər təşkilatlarda görüşlər keçiriblər.
AZPROMO-nun nümayəndə heyətinin üzvləri iştirakı Bağdadda İraq Parlamentinin İnvestisiya və İnkişaf komitəsinin sədri Həsən əl-Xəfaci və komitə üzvləri ilə görüşüblər. Görüşdə Azərbaycan ilə İraq arasında iqtisadi-ticarət əlaqələrin gücləndirilməsi və bu istiqamətdə zəruri işlərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Ticarət Nazirliyində keçirilmiş görüş zamanı Azərbaycan məhsullarının İraq bazarında təqdim edilməsi, “Made in Azerbaijan” brendinin təşviqi, birgə tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
İraq Ticarət Palataları Federasiyasında və İraq Sənaye Palataları Federasiyasında keçirilmiş görüşlərdə isə iki ölkə arasında iqtisadi-ticarət layihələrin reallaşdırılmasına dair əməkdaşlıq və qarşılıqlı investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüşlərdə Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov da iştirak edib.