İQTİSADİYYAT
“Bakcell” Yeni il ərəfəsində “ASAN məktub”la uşaqların arzularını reallaşdırır
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində “ASAN Könüllüləri” təşkilatının “ASAN məktub” layihəsinə qatılıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşəbbüsü olan “Məktəblinin dostu” layihəsinin də tərəfdaşlığı ilə aksiya təşkil olunub. Aksiyanın əsas məqsədi bayram ərəfəsində uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.
Bu münasibətlə “Bakcell” şirkətinin nümayəndələri və “ASAN Könüllüləri”nin iştirakı ilə 50 uşağa məktəb çantası və digər məktəb ləvazimatları hədiyyə edilib.
“Bakcell” artıq 2 ildən çoxdur ki, “Uşaqlara ASAN sevgi” şüarı altında həssas qruplara aid uşaqlara sevinc bəxş etmək məqsədilə həyata keçirilən “ASAN məktub” layihəsinə dəstək göstərir. Uşaqların saf arzularını reallığa çevirən bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Layihənin mobil rabitə dəstəyi də “Bakcell” şirkəti tərəfindən təmin edilir.
Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan “Bakcell” şirkəti, uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətini göstərmək üçün vaxtaşırı “ASAN məktub” layihəsinə dəstək göstərir.