CƏMİYYƏT
Bakı Ali Neft Məktəbində “ASAN Kadr” Karyera Mərkəzinin 2-ci “Karyera sərgisi” keçirilib
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də “ASAN Könüllülük” Məktəbinin “ASAN Kadr” Karyera Mərkəzinin və Bakı Ali Neft Məktəbinin birgə əməkdaşlığı ilə 2-ci “Karyera sərgisi” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov artıq ikinci ildir ki, keçirilən “Karyera sərgisi”nin gənclərin həyatına müsbət təsirini qeyd edib. Həm potensial kadr axtaran şirkətləri, həmçinin işlə təmin olunmaq arzusunda olan gəncləri bir araya gətirən bu sərginin əhəmiyyətindən danışan rektor belə layihələrin gənclər üçün təşkil edilə biləcək ən yaxşı sosial məsuliyyət layihələrindən biri olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN Kadr” Karyera Mərkəzi vasitəsilə yüzlərlə gənc və şirkətlər arasında əlaqə yaradıldığını, onların işlə təmin olunmasına kömək göstərildiyini bildirib. Dövlət Agentliyinin sədri, həmçinin “Karyera sərgisi”nin təşkil edilməsində göstərilən dəstəyə görə Bakı Ali Neft Məktəbinin rəhbərliyinə təşəkkürünü bildirib.
Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş sərgidə vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb. Mütəmadi olaraq təşkil olunan “Karyera sərgisi”nin əsas məqsədi ASAN könüllüsü olmuş, o cümlədən savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək, habelə müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır. “Coca-Cola” şirkətinin dəstəyi ilə təşkil olunan sərgidə, ümumilikdə, 80-dən çox müəssisə təmsil olunub.
“ASAN Könüllülük” Məktəbi tərəfindən “ASAN Könüllüləri”nin peşəkar kadrlar kimi formalaşması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılan “ASAN Kadr” Karyera Mərkəzi 1100-dən çox ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.