ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Neft Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) Regional Tələbə İnkişafı Sammiti keçirilib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin təşkilatçılığı, SOCAR, BP, “Equinar” və “Schlumberger” şirkətlərinin sponsorluğu ilə keçirilən tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan gənc mütəxəssislər və tələbələr iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək SPE-nin neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr və gənc mütəxəssislər üçün geniş imkanlar açdığını deyib. Rektor, eyni zamanda, tələbələri SPE-nin təşkil etdiyi tədbirlərdə və həyata keçirdiyi layihələrdə fəal olmağa çağırıb.
Sammitdə SPE-nin prezidenti Şauna Nunan təqdimatla çıxış edib. O, ilk olaraq, dəstəyə və yüksək təşkilatçılığa görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirib.
SPE-nin prezidenti deyib ki, qeyri-hökumət təşkilatı olan Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, dünya neft sənayesinin təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərin aparılması, nəticələrin təqdim edilməsi istiqamətində kömək etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum və sərgilər keçirərək şərait yaratmaqdır.
SPE-nin nümayəndəsi Yaroslava Orlova, SPE-nin Rusiya və Xəzər regionu üzrə direktoru Aizana Cussupbekova, SPE Azərbaycanın bölmə rəhbəri Aydın Kərimov müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.
Sammitin BANM-də keçirilən ilk iki günü ərzində tələbələr üçün təlim və müsabiqə də təşkil olunub.