ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüş
Bakı, 28 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM-in xaricdə magistratura və doktorantura pilləsində təhsil alacaq 2021-ci il məzunları ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Qasımov məzunlara tövsiyələrini verib. Rektor vurğulayıb ki, məzunlar getdiyi ölkələrdə Azərbaycanı layiqincə təmsil etməlidirlər: “Hər biriniz həmin ölkələrdə Azərbaycanın intellektual əsgərləri olmalısınız. Sizin üzərinizdə şəhidlərimizin, dövlətimizin, xalqımızın haqqı var. Buna biganə yanaşmayın. Vətənimizi, ali məktəbimizi, ailənizi layiqincə təmsil etməlisiniz”.
Rektor məzunlara gedəcəyi ölkələrdə Azərbaycanın səfirlikləri, diplomatik nümayəndəlikləri ilə sıx əlaqədə olmağı tövsiyə edib. Elmar Qasımov, eyni zamanda, məzunlara deyib ki, təhsil alacağınız universitetlərlə BANM arasında əlaqələrin qurulmasına səy göstərin, ali məktəbinizi unutmayın. Dünya artıq Bakı Ali Neft Məktəbini tanıyır.
Bu il BANM-in bakalavr və magistr məzunu olan 40 tələbə 16 xarici ölkənin universitetlərinə qəbul olub. Həmin ölkələr arasında ABŞ, Almaniya, Kanada, Macarıstan, Norveç, Litva, Niderland, İtaliya, Estoniya, Belçika, Böyük Britaniya və Çexiyanın məşhur ali təhsil müəssisələri var. Builki məzunlardan 7–si ABŞ–ın müxtəlif universitetlərində magistratura və doktoranturaya təqaüdlə, 6–sı isə DAAD təqaüd proqramı ilə Almaniyanın müxtəlif ali məktəblərində təhsil almaq hüququ qazanıb.