ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti beynəlxalq reytinqdə dünyanın ən yaxşı ali təhsil müəssisələri sırasında
Bakı, 4 aprel, AZƏRTAC
Dünyanın nüfuzlu elm-təhsil müəssisələrinin “Scimago Institutions Rankings 2020” beynəlxalq reytinqi açıqlanıb. Reytinq İspaniyanın “Scimago” laboratoriyası ilə dünyanın ən böyük elmi nəşriyyatlarından biri olan “Elsevier”in əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Ali təhsil müəssisələri kateqoriyasında ölkəmizi reytinqdə Bakı Dövlət Universiteti (BDU) təmsil edir. BDU-dan AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağı dünyanın ən yaxşıları sırasında 849-cu yerdədir.
“Scimago Institutions Rankings 2020” reytinqi dünyanın bir sıra müstəqil və etibarlı mənbələrindən - beynəlxalq məlumat bazalarından son beş ildə verilən məlumatlar əsasında ali təhsil və elmi-tədqiqat müəssisələrini qiymətləndirən ən obyektiv reytinqlərdən biri hesab olunur. Bu reytinq dünyanın hər yerindən 7026 aparıcı universiteti və elmi təşkilatı əhatə edir.
Reytinqdə İspaniya Milli Tədqiqat Şurası (CSIC), “Granada” Universiteti, III Karl adına Madrid Universiteti də yaxından iştirak edib.
Maraqlananlar https://www.scimagoir.com/institution.php?idp=364 linki vasitəsilə reytinqlə tanış ola bilərlər.