ELM VƏ TƏHSİL
“Bakı Dövlət Universiteti özəl mükafatlandırma 2017” müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də “Bakı Dövlət Universiteti özəl mükafatlandırma 2017” müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki Bakı Dövlət Universitetində (BDU) keçirilən tədbir bu ali məktəbin tələbə həmkarlar ittifaqı komitəsi tərəfindən təşkil olunub.
Komitənin sədri, dosent Daşqın Qənbərov universitetdə tələbələrə yaradılan şəraitdən, onların uğurlarından danışıb. D.Qənbərov layihənin məqsədi, mərhələləri, qaliblərin seçilmə prosedurları barədə məlumat verib. Qeyd olunub ki, “Bakı Dövlət Universiteti özəl mükafatlandırma 2017” tələbələrin təşəbbüsü ilə yaradılan yeni layihədir. Müsabiqə 24 nominasiya üzrə keçirilib. Qaliblər BDU-nun tələbələrinin səsverməsi yolu ilə müəyyənləşib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli Sərəncamını diqqətə çatdırıb.
Universitetin inkişaf mərhələləri, fəaliyyəti barədə danışan rektor bu ali məktəbin elmin, təhsilin, milli şüurun inkişafında, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rolunu qeyd edib.
Layihənin əhəmiyyətini vurğulayan A.Məhərrəmov tələbə həmkarlar ittifaqı komitəsinin fəaliyyətini yüksək dəyərləndirib.
Sonra layihə üzrə qalib gələn, respublikanın elm, təhsil, mədəniyyət, idman, ictimai fəaliyyət sahələrində tanınmış nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.