REGİONLAR
Bakı Mühəndislik Universitetinin kollektivi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə görüşüb
Xırdalan, 7 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi görüş “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, görüşü BMU-nun rektoru, professor Havar Məmmədov açaraq tədbirin əhəmiyyətindən danışıb. “Tələbələr yüksək səviyyəli mütəxəssis kimi yetişməklə yanaşı, həm də sağlam düşüncəyə malik olmalı, əsl vətəndaş kimi formalaşmalıdırlar”, - deyən rektor belə görüşlərin gənclərin ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslərin mahiyyətini dərindən anlamalarına və düzgün istiqamət götürmələrinə müsbət təsir göstərdiyini qeyd edib.
Daha sonra çıxış edən DTX-nin əməkdaşı Tural Məmmədov ümummilli lider Heydər Əliyevin ölkəmizin təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə bu strukturda həyata keçirilən milliləşdirilmə prosesindən danışıb. Bildirib ki, Ulu Öndər gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında böyük xidmətlər göstərib. Bu gün Prezident İlham Əliyev dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi sahəsində Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinə xüsusi önəm verir.
Tural Məmmədov onu da qeyd edib ki, DTX-nin əməkdaşlarının ali təhsil müəssisələrində tələbə-gənclərlə keçirdikləri görüşlər maarifləndirmə məqsədinə xidmət edir. Çıxışda, həmçinin xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti, beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlıq mövzularına toxunulub.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.