REGİONLAR
Bakı Musiqi Akademiyasının professoru NDU-nun tələbələri üçün vebinar keçib
Naxçıvan, 2 iyun, AZƏRTAC
Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Elnara Dadaşova Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsinin müəllim və tələbələri üçün vebinar keçib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a bildirilib ki, vebinarda bəstəkarlıq sənəti, yeni üslub və cərəyanlar haqda danışan Elnara Dadaşova canlı ünsiyyətdə olduğu görkəmli Azərbaycan bəstəkarları, xüsusilə də bəstəkarlıq sinfində təhsil aldığı müəllimi Qara Qarayevlə bağlı xatirələrini bölüşüb. Professor müəllim və tələbələrə musiqi əsərlərinin təhlili və solfecio fənninin tədrisinə gətirdiyi yeniliklərdən bəhs edib və bəzi metodik göstərişlər verib. Elnara Dadaşova bəstəkar Qara Qarayevin preludunu ifa edərək əsəri təhlil edib.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.