MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasının tələbələri beynəlxalq müsabiqədə uğur qazanıblar
Bakı, 14 noyabr, AZƏRTAC
İspaniyanın Tenerife şəhərində “Stars at Tenerife” üçüncü beynəlxalq musiqi müsabiqəsi keçirilib. On ölkədən iştirakçının qatıldığı müsabiqədə Azərbaycanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) üçüncü kurs tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov təmsil edib. Müsabiqədə iştirakçıları 9 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirib.
Bakı Musiqi Akademiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin solo nominasiyasında 19-22 yaş qrupu üzrə 8 iştirakçı arasında Cavid Əzizov, 23 və daha artıq yaş qrupu üzrə isə 9 iştirakçı arasında Vüsal Aydəmirov ikinci yerlərə layiq görülüblər.
Müsabiqənin yekun konsertində Azərbaycan təmsilçiləri F.Listin “Ballada” və “Rapsodiya”sı, eləcə də F.Bədəlbəylinin “Dəniz”, T.Quliyevin “Qaytağı” əsərlərini səsləndiriblər. İfalar tamaşaçılar tərəfindən çox böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, BMA-nın tələbələrinin bu uğurlu nəticəsindən sonra onlar münsiflər heyətinin üzvləri tərəfindən növbəti mötəbər müsabiqələrə də dəvət alıblar. Belə ki, onlar dekabrda Türkiyənin Bursa şəhərində keçiriləcək “Nilufər” adlı müsabiqədə, gələn ilin yanvar ayında Gürcüstanın Tbilisi şəhərində II Beynəlxalq “Motsart” müsabiqəsində və daha sonra aprel ayında Almaniyada beynəlxalq müsabiqədə iştirak etməyi planlaşdırırlar.