İQTİSADİYYAT


Bakı–Quba–Rusiya yolunun 14-cü kilometrində yenidənqurma işləri aparılır

Bakı, 8 may, AZƏRTAC

Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-cü kilometrində, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında yenidənqurma işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yol qovşağına qalxan və düşən istiqamətlərdəki yollarda genişləndirmə işləri görülür, yeni yol hissələri yaradılır. Bu məqsədlə ərazidə hazırda tikinti altına düşən maneələrin köçürülməsi, qazma-dolma işləri, yeni yol yatağının tikintisi işləri icra olunur.

Bundan başqa, yol ötürücüsü üzərində yerləşən iki dairə də yenidən qurulur. Dairələrin eni kiçildilir, ətrafına təhlükəsizliyi təmin etməsi üçün yeni dəmir-beton maneələr qoyulur. Həmçinin yol ötürücüsündə dayanıqlığı artırmaq üçün yol ötürücüsünün alt hissəsində yeni istinad divarları inşa edilir. Günün pik saatlarında yaranan sıxlıq və tıxacın aradan qaldırılması üçün Saray qəsəbəsinə giriş hissədə olan yolun da genişləndirməsi işləri aparılır. Artıq sözügedən ərazinin zəruri hissəsində yeni yol yatağı və yol əsası inşa edilib, hazırda asfaltlanma işləri görülür.

Ümumilikdə, qeyd edilən ərazilərdə hərəkət intensivliyi və yay fəslinin gəlməsi ilə əlaqədar olaraq Saray, Novxanı və bu istiqamətdə yerləşən qəsəbələrə gediş-gəlişin artacağı nəzərə alınaraq aparılan yenidənqurma işləri yarana biləcək tıxacların qarşısının alınmasına imkan verəcək.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.