CƏMİYYƏT


Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır

Bakı, 17 oktyabr, AZƏRTAC

Bakı şəhərinin yaşıllıq vəziyyətinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması və paytaxtın estetik görünüşünün yaxşılaşdırılması məqsədilə “Yaşıl guşələr”in yaradılması və qorunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun ötən ay imzaladığı sərəncam həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, həmin sərəncamda sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə paytaxtda yol kənarları, idarə, müəssisə, ictimai iaşə, ticarət və digər obyektlərin qarşısında “Yaşıl guşələr”in yaradılması tövsiyə edilib.

Dünya praktikasında yaşıllaşdırma sahəsində uğur qazanmış şəhərlərin təcrübəsi onu göstərir ki, bu işə iş adamları, müəssisə rəhbərləri hətta ayrı-ayrı vətəndaşlar qoşulduqda daha gözəl nəticələr əldə olunur.

Bəzi iş adamları, müəssisə rəhbərləri, ayrı-ayrı şəxslər bu təşəbbüsə fəal qoşulublar. Az müddət ərzində yol kənarlarında, obyektlərin qarşısında gözoxşayan yaşıl guşələr salınıb.

Təəssüflər olsun ki, bu işlərə biganə qalanlar da olub. “Yaşıl Bakı” təşəbbüs qrupunun verdiyi məlumata görə, bəzi iri obyektlər tərəfindən bu işlərə çox etinasız və səhlənkar yanaşılıb. Vətənini və şəhərini sevən hər bir insan şəhərin yaşıllaşdırılmasına öz töhfəsini verməlidir. Bu işlərə etinasız yanaşan, yalnız öz mənfəətini güdən, paytaxtın görünüşünə və ekoloji vəziyyətinə biganə qalan obyekt rəhbərləri və onların əsl sahibləri barədə ictimaiyyətə məlumat veriləcək və onlar qınaq obyektinə çevriləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.