ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri işə qəbul imtahanının gedişini izləyib
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqə çərçivəsində imtahan mərkəzinə mediatur təşkil edilib.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, mediaturda BŞTİ-nin müdiri Mehriban Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və KİV-lərin nümayəndələri iştirak ediblər.
İmtahanların gedişi prosesi ilə tanış olan BŞTİ-nin müdiri Mehriban Vəliyeva KİV-lərin nümayəndələri ilə görüşüb. İdarə müdiri imtahanlara hazırlıq işinin təşkili, namizədlər üçün yaradılan şərait və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib. M.Vəliyeva təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul olmaq istəyən 1146 namizədin portal vasitəsilə qeydiyyatdan keçdiyini bildirib. O, qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 779 namizədin müsabiqənin test imtahanı mərhələsinə buraxıldığını nəzərə çatdırıb.
Media təmsilçiləri imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, iyunun 24-də ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. Test imtahanında 563 nəfər iştirak etmək hüququ qazanıb.
Müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 60 dəqiqə ərzində cavablandırıblar.
İyunun 25-də keçiriləcək uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul imtahanında isə 216 nəfərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-24; 60-28) nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.