ELM VƏ TƏHSİL
Bakı Slavyan Universiteti ilə Həştərxan Dövlət Universiteti arasında əməkdaşlığın vacib istiqamətləri barədə müzakirələr aparılıb
Bakı, 23 iyul, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Rusiya Federasiyası Həştərxan Dövlət Universitetinin (HDU) strateji inkişaf üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Elina Polyanskaya, bu ali təhsil ocağının Avrasiya və Şərq departamentinin direktoru, siyasi elmlər doktoru, professor Rafik Usmanov ilə görüş keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə bu universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov qonaqlara təmsil etdiyi ali təhsil ocağının tarixi, keçdiyi inkişaf yolu, fakültələri və ixtisasları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O, BSU-nun Rusiyanın bir çox universitetləri ilə sıx əlaqələrə malik olduğunu, bu ali təhsil ocağında Moskva və Sankt-Peterburq tədris-mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin BSU-nun fəxri professoru olduğunu vurğulayan prorektor qonaqlara türk-slavyan əlaqələri və tərcümə problemləri elmi-tədqiqat laborotoriyalarının işi barədə də məlumat verib. O, rus dili və ədəbiyyatının Azərbaycanda bu gün də xüsusi həvəslə öyrənildiyini və BSU-nun bu işdə baza rolu oynadığını bildirib.
HDU-nun fəaliyyəti barədə məlumat verən Elina Polyanskaya vurğulayıb ki, bu il təmsil etdiyi ali təhsil ocağının 100 illiyi qeyd olunacaq. Həştərxan vilayətinin Azərbaycan ilə sıx əlaqələrə malik olduğunu deyən E.Polyanskaya hazırda HDU-da 200-dək azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb. E.Polyanskaya HDU-nun Həştərxanda fəaliyyət göstərən Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq etdiyini, bir çox layihələrə birgə imza atdıqlarını vurğulayıb. O, HDU-da Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkili üçün otaq ayrıldığını və bu işin BSU-nun dəstəyi ilə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Bakıda da HDU-nun mərkəzinin yaradılması ilə bağlı intensiv işlər aparılır.
Görüşdə, həmçinin iki universitet arasında gələcək əməkdaşlığın vacib istiqamətləri - tələbə mübadiləsinin reallaşdırılması, birgə elmi layihələrin həyata keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı ezamiyyəti məsələləri, elmi jurnalların birgə nəşri və s. barədə müzakirələr aparılıb.
Sonra qonaqlar Rusiya Tədris-Mədəniyyət Mərkəzi, Ukrayna Tədris-Mədəniyyət Mərkəzi, Heydər Əliyev Tədris Mərkəzi və muzey ilə tanış olublar.
Sonda 2013-cü ildə imzalanmış universitetlərarası müqavilənin yenilənməsi qərara alınıb.