ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetinin tələbələri “Tələbə baharı” festivalının seçim mərhələsində uğur qazanıblar
Bakı, 4 aprel, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) “Arzu” rəqs ansamblı xoreoqraf Əli Natiqoğlunun rəhbərliyi ilə “Tələbə baharı” XI ümumrespublika tələbə yaradıcılıq festivalının seçim mərhələsində milli rəqs və vals nominasiyaları üzrə ikinci yerə layiq görülüb. Həmçinin bu universitetin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin üçüncü kurs tələbəsi Namiq Fərəcov vokal müəllimi Səbinə Mehdiyevanın rəhbərliyi ilə rok-vokal nominasiyası üzrə üçüncü yeri tutub.
Festivalın aprelin 25-də keçiriləcək qala konsertində qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı 2007-ci ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında hər il təşkil olunur. Festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, yaradıcı və istedadlı gəncləri aşkarlamaq, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.