MƏDƏNİYYƏT
Bakı Turizm-İnformasiya Mərkəzinin rəhbəri “Rostruzm”in Fəxri Fərmanı ilə təltif edilmişdir
Moskva 14 mart (AZƏRTAC). Rusiya Federal Turizm Agentliyi Bakı Turizm-İnformasiya Mərkəzinin direktoru Zakir Əliyevi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında turizm sahəsində əməkdaşlığın möhkəmlənməsinə və inkişafına uzun illər ərzində verdiyi töhfəyə görə Fəxri fərmanla təltif etmişdir.
Rusiya Federal Turizm Agentliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Radkov Zakir Əliyevə Fəxri fərmanı “Prezident-otel” mehmanxana kompleksində “İnturmarket-2011” Beynəlxalq turizm sərgisinin açılışı münasibətilə keçirilmiş təntənəli mərasimdə təqdim etmişdir.
A.Radkov Bakı Turizm-İnformasiya Mərkəzinin rəhbərinə yüksək peşəkarlığına və ölkələrimizin turizm sənayesinin inkişafında fəal əməkdaşlığa görə təşəkkürünü bildirmişdir.
Qeyd etmək lazımdı ki, iki ölkənin turizm idarələri on ildən artıqdır ki, əməkdaşlıq edirlər. Yüksək səviyyədə olan qarşılıqlı əlaqələrin yaxşı perspektivləri vardır.
Təltif mərasimində Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, RF Dövlət Dumasının və RF hökumətinin nümayəndələri, bir sıra xarici ölkələrin turizm təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva