ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyasının tələbə və şagirdləri zərərli vərdişlərlə bağlı məlumatlandırılıblar
Bakı, 2 dekabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Dünya QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) Mübarizə Gününə həsr olunmuş “Zərərli vərdişlərə yox deyirik!” mövzusunda seminar keçirilib.
Akademiyadan AZƏRTAC–a bildiriblər ki, seminarda bu ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən tam orta məktəbin müəllimi İradə Salmanova bu günün mahiyyətindən danışıb, QİÇS xəstəliyi barədə məlumat verib.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova təqdimatla çıxış edib. Həkim təqdimatında hazır qida, siqaret, alkoqollu və enerji içkiləri, narkotik maddələr, internet asılılığı kimi zərərli vərdişlərdən, onların mənfi fəsadlarından danışıb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tədbir bədii hissə ilə davam etdirilib.