ELM VƏ TƏHSİL
Bakı məktəbliləri erməni idmançıları üzərində qələbə qazanıblar
Bakı, 2 avqust, AZƏRTAC
Paytaxt məktəbliləri Gürcüstanın Batumi şəhərində idmanın döyüş növləri üzrə keçirilən beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, yarışın final mərhələsində paytaxt məktəblilərindən üçü fəxri kürsünün ilk pilləsinə qalxıb, biri isə üçüncü yeri tutub.
Turnirdə BŞTİ-nin tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev K-1 qaydaları üzrə keçirilən döyüşlərdə birinci yerə layiq görülüb. O, 55 kiloqram çəki dərəcəsində ardıcıl olaraq iki erməni idmançısını vaxtından əvvəl məğlub edib. Kikboksinq idman növü üzrə həmin məktəb-liseyin V sinif şagirdi Miryəhya Seyidov 35, 205 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Vüqar Ramazanov 51 kiloqram çəki dərəcəsində birinci yerə sahib olub. Onlar da Ermənistandan olan həmyaşıdları üzərində qələbə qazanıblar. “Kaspi” liseyinin VII sinif şagirdi Sənan Seyidov isə kikboksinq idman növü üzrə 50 kiloqram çəki dərəcəsində Gürcüstan təmsilçisi ilə qarşılaşmanı üçüncü yerlə kifayətlənərək başa vurub.
Qaliblərə medal və diplomlar verilib.