CƏMİYYƏT


Bakı şəhəri 11 saylı Vəkil Bürosunun yeni inzibati binası istifadəyə verilib

Bakı, 18 yanvar, AZƏRTAC 

Bakı şəhəri 11 saylı Vəkil Bürosunun yeni inzibati binası istifadəyə verilib. Bununla bağlı keçirilən tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi, büronun üzvləri, həmçinin yerli dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, büronun müdiri Azər Quliyev tədbir iştirakçılarına yeni binada yaradılan şərait barədə məlumat verib. O, binada vəkillərin fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqla təchiz olunduğunu deyib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov yeni istifadəyə verilmiş binada görülmüş işləri yüksək qiymətləndirib, vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin fəaliyyət göstərdikləri qurumlardakı iş şəraitinin ən müasir standartlara cavab verməsinin əhəmiyyətini vurğulayıb. Bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il fevralın 22-də imzaladığı Sərəncamda əksini tapdığını bildirən A.Bağırov ölkəmizdə bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. O, həmin Sərəncam çərçivəsində 11 saylı Vəkil Bürosunun və digər vəkil qurumlarının zəruri texniki avadanlıqla təmin edildiyini və bu işlərin davam etdirildiyini bildirib, bunun ölkə rəhbərliyinin Azərbaycanda vəkillik təsisatının inkişafına verdiyi xüsusi önəmin və töhfənin təzahürü olduğunu xüsusi vurğulayıb.

Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyəti yanında Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas, vəkil İkram Kərimov bildirib ki, vəkillərin çalışdıqları qurumlarda iş şəraitinin yaxşılaşdırılması onların səmərəli fəaliyyəti, o cümlədən ölkədə vəkilliyin nüfuzunun artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev çıxışında son dövrdə Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində görülmüş tədbirlərin ədalət mühakiməsinə nəzərəçarpan təsiri barədə danışıb. A.Rzayev bu sahədə aparılan mütərəqqi islahatlara görə Kollegiya rəhbərliyinə təşəkkürünü bildirib.

Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə vəkil qurumları ilə prokurorluq orqanları arasındakı peşəkar münasibətlərin inkişaf etdiyini, bununla bağlı Vəkillər Kollegiyası tərəfindən görülmüş işlərin və yaradılmış qarşılıqlı münasibətlərin əhəmiyyətini qeyd edib.

Binəqədi Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yunis Hüseynov uzun müddətdir 11 saylı Vəkil Bürosu ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu işbirliyi çərçivəsində Binəqədi rayonunda yaşayan aztəminatlı əhaliyə müntəzəm hüquqi yardım göstərildiyini deyib. Eləcə də Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən qısa zamanda bir çox islahatların aparılmasının və ölkədə vəkilliyin nüfuzunun artırılmasının müsbət qarşılandığı qeyd olunub.

Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Həsrət Aslanov vəkilləri yeni inzibati binanın açılışı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbirdə Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemlər və vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri dinləyib, vəkilləri maraqlandıran sualları cavablandırıb. Həmçinin vəkillik fəaliyyəti, vəkillərin digər dövlət orqanları ilə münasibətlərinə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.