MƏDƏNİYYƏT
Bakı teatrlarının ayın sonu üçün hazırladığı repertuar zəngindir
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ayın sonu maraqlı tamaşalar göstəriləcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağının səhnəsində dörd səhnə əsəri nümayiş ediləcək. Belə ki, teatrsevərlər mayın 25-də “Silva” , 26-da isə “Qoğalın sərgüzəştləri” (rus dilində) və “Toya bir gün qalmış” tamaşalarına baxa biləcəklər. Bununla yanaşı, mayın 27-də isə “Meşə çaqqalsız olmaz” tamaşası da teatrsevərlərin ixtiyarına veriləcək.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında maraqlı tamaşalar nümayiş ediləcək.
Sənət ocağının səhnəsində göstəriləcək bütün tamaşalar klassik və çağdaş əsərlər əsasında hazırlanıb. Belə ki, teatrsevərlər mayın 24-də “Generalın son əmri”, 25-də “Qürbətdən gələn məktublar” , 26-da isə “Buratino” və “Xanuma” tamaşalarına baxa biləcəklər.
Bununla yanaşı, mayın 30-da isə “Almaz”, 31-də isə “Ah, bu uzun sevda yolu” tamaşaları teatrsevərlərin ixtiyarına veriləcək.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da ayın sonu maraqlı tamaşalarla balaca tamaşaçılarını sevindirəcək.
Teatrın yaradıcı heyəti beş səhnə əsəri ilə balacaların görüşünə gələcək. Belə ki, balacalar mayın 24-də “Maşa və Ayı”, mayın 25-də “Pişiyin evi”, “Çipollino” və mayın 26-da isə “Qırmızı papaq” və “Durna balığı” tamaşalarını izləyəcəklər.
Bundan başqa, tamaşaçılar mayın 28-də “Şəngülü, Məngülüm”, “Qoğal” (rus dilində), mayın 31-də isə “Cik-cik xanım” , “Maşa və Ayı”a (rus dilində) baxa biləcəklər.
Ayın sonu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bir opera, bir operetta və bir balet teatrsevərlərin ixtiyarına veriləcək.
Sənət ocağının səhnəsində mayın 25-də “Nəsimi” baleti, mayın 26-da isə “Arşın mal alan” operettası nümayiş olunacaq.
Mayın 29-da isə operasevərlər “Karmen”ə baxmaq imkanı əldə edəcək.
Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi mayın 25-də “Adagio”, 26-da isə “Dejavü”nü təqdim edəcək.