SİYASƏT
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə KIV-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.
Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.
Bakıda keçiriləcək toplantıya Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi qatılacaq. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Azərbaycan Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 2017-ci il dekabrın 1-də Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.