Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib
Azərbaycan və İtaliya prezidentləri biznes forumda iştirak ediblər YENİLƏNİB VİDEO

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella biznes forumda iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar.

Biznes forumda Azərbaycan və İtaliya tərəfindən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, dizayn və memarlıq, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, logistika, mühəndislik, sənaye sahələrində fəaliyyət göstərən 350-dək iş adamı iştirak edib.

Dövlət başçıları biznes forumda çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz” deyirəm. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Dünən keçirdiyimiz görüşlərdə apardığımız müzakirələr zamanı bir daha gördük ki, İtaliya ilə Azərbaycan çox yaxın dost və tərəfdaş ölkələrdir. Bizim tərəfdaşlığımızın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl İtaliya və Azərbaycan öz strateji tərəfdaşlığını rəsmən təsdiq etdilər, müvafiq bəyannamə qəbul olunmuşdur.

Sizin Azərbaycana səfəriniz bir daha bizim strateji tərəfdaşlıq əlaqələrimizi təsdiqləyir. Dünən bir sıra məsələlər ətrafında çox açıq, səmimi fikir mübadiləsi aparılmışdır. Biz istəyirik ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla, sürətlə inkişaf etsin. Prezidentin səfəri bu əlaqələrin inkişafına çox güclü təkan verir. Əlbəttə ki, siyasi əlaqələr yüksək səviyyədə olduqda biznes dairələri də bunu dərhal görür, dərk edir və öz addımlarını atmağa başlayır. Bizim siyasi əlaqələrimiz, - biz dünən də bu barədə cənab Prezidentlə fikir mübadiləsi apardıq, - ən yüksək səviyyədədir. Deyə bilərəm ki, mükəmməldir, həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq çox müsbətdir.

Bu imkanlardan, əlbəttə ki, biznes dairələri də istifadə etməlidirlər və edirlər. Bunun bariz nümunəsi dünən birgə açdığımız polipropilen zavodudur. Bu, bizim birgə yaratdığımız gözəl müəssisədir. Mən cənab Prezident Sercio Mattarellaya dünən dedim ki, bu, İtaliyanın Azərbaycanda müasir texnoloji əsəridir. Əlbəttə, bu zavodun timsalında biz şirkətlər arasındakı əməkdaşlığı görürük. Biz istəyirik ki, bu əməkdaşlıq gələcəkdə dərinləşsin, genişlənsin, yeni layihələr icra edilsin. Azərbaycanın sənaye və iqtisadi inkişafı ilə bağlı planlar kifayət qədər çoxdur. Azərbaycanda çox sürətlə sənayeləşmə prosesi gedir. Əlbəttə ki, bizə çox gözəl, etibarlı, sınanmış tərəfdaşlar lazımdır. İtaliya şirkətləri bu tərəfdaşlardandır. Çünki uzun illər Azərbaycan ilə bağlıdırlar, çox gözəl reputasiyaya və ən yüksək texnoloji imkanlara malikdirlər.

Ona görə, iqtisadi sahədəki gələcək əməkdaşlıq hesab edirəm ki, bir neçə istiqamət üzrə getməlidir. Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik, həm prezidentlər səviyyəsində, həm hökumət qurumları səviyyəsində. Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur.

İtaliya şirkətləri Azərbaycanın müxtəlif sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər. Hazırda biz bunu görürük. İnşaat, infrastruktur, ağır sənaye, kənd təsərrüfatı, emal sektorlarında belə əməkdaşlıq var. Ancaq hesab etmirəm ki, bu, lazımi səviyyədədir. Biz bu səviyyəni qaldırmalıyıq və hesab edirəm ki, biznes dairələri bu barədə bu gün danışacaqlar. Ona görə, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət hesab edirəm ki, növbəti illər üçün əsas istiqamətlər olmalıdır.

Əlbəttə ki, İtaliya şirkətləri bilməlidirlər ki, bizim planlarımız nədən ibarətdir. Bizim planlarımız hər il dərc edilir, dövlət investisiya proqramı hər il icra edilir və bizim beşillik sosial-iqtisadi inkişaf planlarımız var. 2004-cü ildən başlayaraq bu proqramlar dərc olunur, icra edilir və orada Azərbaycanda görüləcək bütün işlər göstərilir. Şəhərlər, hətta qəsəbələr, kəndlər üzrə infrastruktur layihələri, sosial obyektlərin tikintisi, texnoloji inkişafla bağlı hər şey orada göstərilir. Sadəcə olaraq, bu məlumatı əldə etmək lazımdır. Hesab edirəm ki, biznes forum bu məlumatın təqdim edilməsində də müsbət rol oynayacaq.

Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq.

Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib. Son 15 ildə iqtisadiyyat, yəni, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hesab edirəm ki, bu, dünya miqyasında rekorddur. Hesab edirəm, bundan daha vacib məsələ odur ki, biz sosial məsələlərin həllində də yaxşı nəticələrə nail olmuşuq. Azərbaycanda işsizlik kəskin şəkildə aşağı düşüb və 5 faiz səviyyəsindədir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Yəni, bütün bu göstəricilər göstərir ki, makroiqtisadi vəziyyət müsbətdir. Dünyanın aparıcı beynəlxalq qurumları da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. O cümlədən Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerə layiq görüb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər hesablamalara görə, məsələn, həmin Davos Forumunun infrastrukturun inkişafı ilə bağlı hesabatında Azərbaycan dünyada 26-cı yerdədir. Son illərdə çox böyük infrastruktur layihələri icra edilib və inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir.

Bildiyiniz kimi, biz böyük enerji layihələrini uğurla icra etmişik. Biz dənizləri birləşdiririk. Xəzər dənizini Qara dənizlə neft kəməri ilə birləşdirdik. Ondan sonra Xəzər dənizini Aralıq dənizi ilə neft kəməri ilə birləşdirdik. Bunlar tarixi layihələrdir. Biz Avrasiyanın enerji xəritəsini demək olar ki, yenidən tərtib etmişik və buna davam edirik. Hazırda isə biz “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edirik. Bu barədə də qısa məlumat vermək istərdim. Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. Nəhəng “Şahdəniz” qaz yatağının işlənilməsinin ikinci fazası – bu layihə başa çatıb. Cənubi Qafqaz Qaz Kəməri, hansı ki, Azərbaycan qazını Gürcüstan istiqamətinə göndərir. Trans-Anadolu qaz kəməri – TANAP, bu da Türkiyə ərazisindən çəkilən qaz kəməridir və Trans-Adriatik qaz kəməri - TAP. Bu dörd layihədən üçü artıq reallaşıb. Bu ilin may ayında Bakı şəhərində Cənub Qaz Dəhlizinin, iyun ayında isə Türkiyədə TANAP layihəsinin rəsmi açılışları olmuşdur. Maliyyə tutumu 40 milyard dollardan çox olan bu nəhəng layihə bir neçə ölkəni, bir çox şirkətləri birləşdirir. Bu layihə başa çatmaq üzrədir və dörd layihənin üçü müvəffəqiyyətlə başa çatdırılıb. Beləliklə, yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaqdır.

Digər vacib istiqamət nəqliyyatla bağlıdır. Coğrafi cəhətdən bizim açıq dənizlərə çıxışımız yoxdur. Ancaq buna baxmayaraq, biz Azərbaycanda beynəlxalq nəqliyyat və logistika mərkəzini yaradırıq. Bunun üçün məqsədyönlü, çoxşaxəli iş aparılıb. Son 15 il ərzində Azərbaycanda 6 beynəlxalq hava limanı yaradılıb. Azərbaycan daxilində dəmir yollarında təmir-bərpa işləri gedir. Xəzər hövzəsində ən böyük dəniz ticarət limanı bu ilin may ayında istifadəyə verilib. Onun hazırda yükaşırma qabiliyyəti 15 milyon ton, gələcəkdə isə 25 milyon ton olacaq.

Son 15 il ərzində 15 min kilometr magistral yollar çəkilib. Bütün qonşu ölkələrlə bizi çox gözəl yeni yollar bağlayır. Keçən ilin oktyabrında Azərbaycanı Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yol Azərbaycan ərazisindən açılıb. Əgər ənənəvi dəniz yolu 30-35 gün tələb edirsə, yeni Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklər Asiyadan Avropaya cəmi iki həftə ərzində daşınır. Biz görürük ki, bu yolla yükdaşımalar gündən-günə artır və bu, çox etibarlı yeni bir nəqliyyat damarı olacaq.

Bununla paralel olaraq, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır, üzvüdür. Biz bu sahəyə də böyük vəsait qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi hazırda fəaliyyətdədir. Azərbaycan ərazisində lazım olan bütün infrastruktur yaradılır. İndi yüklər Azərbaycan ərazisindən rahatlıqla daşınır. Gələcəkdə qonşu ölkələrdə əlavə vəsait qoyuluşu nəticəsində bu yolun yükaşırma qabiliyyəti daha da artacaq.

Bütün bu infrastruktur imkan verir ki, Azərbaycana bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Çünki neft-qaz sektoruna qoyulacaq sərmayə üçün bütün neft-qaz kəmərləri var və onun tikintisi davam edir. Yeni sənaye müəssisələri ilə bağlı investisiyalar üçün nəqliyyat imkanları çox genişdir. Onu da qeyd etməliyəm ki, Azərbaycanın Xəzər hövzəsində ən böyük ticarət donanması, gözəl investisiya iqlimi var. İndi 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır.

Azərbaycan çox sabit ölkədir, həm siyasi, həm iqtisadi cəhətdən. Ona görə, mən hesab edirəm ki, sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl ölkədir.

Əlbəttə, xarici qonaqlar hesab edə bilərlər ki, mən burada ölkəmizi tərifləməklə məşğulam. Mən bunu gizlətmirəm, edirəm və etməliyəm. Çünki hər bir dövlət başçısı çalışmalıdır ki, onun ölkəsini daha yaxından tanısınlar, daha çox vəsait qoysunlar. Ancaq bu tərif ədalətlidir. Mən tam həqiqəti qonaqlara çatdırıram və ümid edirəm ki, onlar mənim sözlərimdən sonra Azərbaycana daha da böyük həvəslə gələcəklər və işləyəcəklər.

Cənab Prezident, mən Sizə bir daha təşəkkürümü bildirirəm ki, Siz Azərbaycana səfər etmisiniz, bizə böyük şərəf vermisiniz. Dünən Sumqayıtda polipropilen zavodunun açılışında iştirak etmisiniz. Bu gün də bizimlə bərabər iş adamlarına öz sözünüzü deyəcəksiniz. Sağ olun.

İtaliya Prezidenti Sercio Mattarellanın
çıxışı

-Cənab Prezident.

Cənab nazirlər, hökumət nümayəndələri, səlahiyyətli şəxslər, hörmətli iş adamları.

Prezident İlham Əliyevə dostluq münasibətləri ilə bağlı dediyi gözəl sözlərə görə təşəkkürümü bildirirəm. Həmçinin ətraflı məlumata görə təşəkkür edirəm.

Belə bir vaxtda Azərbaycana rəsmi səfərimin təşkil olunması bizim üçün çox önəmlidir. Çünki ölkələrimiz arasında nəinki dostluq əlaqələri, eləcə də ikitərəfli əməkdaşlıq baxımından çox yüksək səviyyədə inkişaf var. Lakin biz bu əlaqələri xüsusən də iqtisadi sahədə və digər sahələrdə məsələn, siyasi, humanitar sahələrdə daha da inkişaf etdirmək istəyirik.

Bu günlərdə Prezident İlham Əliyevlə keçirdiyimiz görüşlər zamanı ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin müsbət və daimi inkişafının şahidi olduq. İkitərəfli münasibətlərimizin əsas hissəsini iqtisadi əlaqələr təşkil edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ötən 25 ildə sosial, iqtisadi baxımdan qeyri-adi bir inkişaf dövrü yaşayıb. Bundan başqa, mən Bakı şəhərinin memarlıq baxımından inkişafından, müasir və qədim tikililərin gözəlliyindən təsirləndim. Bizim hazırda olduğumuz və Prezident Heydər Əliyevin adını daşıyan bu möhtəşəm bina buna bariz nümunədir. Bu əhəmiyyətli inkişaf prosesi İtaliyada da çox böyük marağa səbəb olub. Təkcə İtaliya deyil, bütün dünyada marağa səbəb olub.

Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə deyil, karbohidrogen sahəsindən əlavə öz potensialının və iqtisadi sisteminin şaxələndirilməsində və sənaye proqramlarının inkişafında istinad edilən etibarlı bir tərəfdaş ola bilər. Şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə İtaliya fərqli təcrübələrini, texnologiyalarını, bacarıq və qabiliyyətlərini Azərbaycana təqdim edə bilər.

Son illərdə italyan müəssisələri tərəfindən həyata keçirilən layihələrdən də göründüyü kimi, İtaliya enerji sahəsində, karbohidrogenlərin nəqlində və kimya sənayesində dünyada yüksək səviyyədə olan bir irsə malikdir. Son 10 ildə italyan müəssisələrinin və italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur. Dünən Prezident İlham Əliyevlə birlikdə Sumqayıtda polipropilen zavodunun açılışında iştirak etdik. Bu zavodun inşası “Maire Tecnimont” şirkəti ilə “SOCAR Polimer”in layihəsi əsasında həyata keçirilib. Bu zavod Azərbaycana neft-kimya sənayesini inkişaf etdirməyə və öz ixrac potensialını artırmağa imkan yaradacaq. Bu, Azərbaycan hökumətinin yeni iş yerlərinin və yeni istehsal sahələrinin açılması kimi prioritet hesab etdiyi məsələlər üzrə çox vacib bir məqsəddir. İtaliyanın töhfəsi enerji sahəsindən başqa, digər sahələrdə də ola bilər. Belə ki, İtaliya ətraf mühitin qorunması, yenidən dəyərləndirilməsi, kənd təsərrüfatının inkişafı və emal sənayesinin transformasiyası, infrastruktur, nəqliyyat, logistika, tikinti kimi sahələrdə Azərbaycanın inkişafına töhfə verməyə hazırdır. Prezident İlham Əliyevlə dünənki rəsmi danışıqlardan sonra imzalanan bəzi sənədlər məhz bu sahəyə yönəlib. Milan Politexnik Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında akademik əlaqələr çərçivəsində Bakıda İtaliya-Azərbaycan dizayn mərkəzinin yaradılması digər sahələrdə də olmasını arzuladığımız ikitərəfli əməkdaşlıq modelidir. Biz istərdik ki, bu modeldən digər əməkdaşlıq çərçivəsində də istifadə olunsun.

Bu forumda italyan şirkətlərinin geniş tərkibdə iştirakı bizim ölkədə kifayət qədər tanınan kiçik və orta tipli müəssislərə də diqqət ayıraraq əlaqələrimizi daha da strukturlaşdırmaq və genişləndirmək üçün iqtisadiyyatın bütün sahələrində əməkdaşlığımızın inkişafına nə qədər önəm verdiyimizin ən bariz sübutudur. Mən bir daha kiçik və orta tipli müəssisələrin fəaliyyətini, onların Azərbaycana cəlb olunmasını xüsusi vurğulamaq istərdim. Ümid edirəm ki, dünən gün ərzində təşkil edilən görüşlər bu məqsədə müəyyən forma və dəqiqlik verə bildi. Çünki iqtisadiyyatlarımız arasında artan qarşılıqlı münasibətlər ikitərəfli iqtisadi əlaqələrin proqressiv balanslaşdırılması ilə bərabər şəkildə inkişaf etməlidir. 2017-ci ildə İtaliya ikitərəfli mübadilə və böyük miqdarda karbohidrogen idxalı vasitəsilə Azərbaycana əhəmiyyətli töhfə verib. Azərbaycan bizim neft üzrə birinci təchizatçımızdır. Biz bu ölkənin mütləq şəkildə ilk ticarət tərəfdaşı olmaqdan qürur duyuruq. Bütün bunlar hörmətə layiq nəticələrdir və xüsusilə də bu ölkədə çox qiymətləndirilən italyan ixracı sahəsində geniş inkişafı əks etdirir və bu, onların imkanlarını bir daha bu ölkəyə gətirməyə kömək edir. Burada İtaliyanın enerji ehtiyatlarının idxal tələbatı fonunda bir çox struktur aspektlərdən tarazlıq pozulur və hazırda iqtisadiyyatın inkişafının bərpa dövründə Azərbaycan inkişaf proqramları və iqtisadiyyatın şaxələndirilməsində İtaliyanın tərəfdaşlığına güvənə bilər. Dünənki görüşlərdə bu arzuya müəyyən bir forma verilərək konkret olaraq səmərəli sahələr müzakirə edildi. Enerji, ətraf mühitin qorunması sahələrində yenidən dəyərləndirmə ilə bağlı layihələrə maraq göstərildi. Paris sazişləri ilə vurğulanan çoxtərəfli çərçivədə daha təmiz enerjilərə keçidi asanlaşdıraraq birlikdə Planetimiz üçün daha çox şey edə bilərik və etməliyik. Azərbaycan kimi xammalla zəngin olan ölkə üçün bu, sənaye dinamizmi və texnoloji innovasiyalar amili kimi qəbul edilməlidir. Bilirəm ki, Azərbaycan hökuməti iqtisadiyyatının şaxələndirilməsi və ölkənin müxtəlif regionlarının inkişafı üçün prioritet sahə olan kənd təsərrüfatına çox böyük önəm verir. Bu, mənim fikrimcə, uzaqgörən bir seçimdir və İtaliya bu sahədə olan təcrübəsini və imkanlarını təklif edərək bunu dəstəkləməyə hazırdır.

Çıxışımı yekunlaşdırmamışdan əvvəl logistika, nəqliyyat və infrastruktur sahələrini xatırlatmaq istəyirəm. Azərbaycanın mövqeyi strateji baxımdan çox önəmlidir. Belə ki, ölkəniz bundan uzunmüddətli şəkildə istifadə etməlidir. Məhz dünən bizim Dövlət Dəmir Yolları ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında mövcud olan marşrutların istifadəsi, dəmir yolu vasitələrinin, vaqonlarının tikintisi, yeni marşrutların inkişaf etdirilməsi üçün əməkdaşlıq memorandumu imzalandı. Bizim müəssisələr liman və infrastrukturlar üçün informasiya sahəsində uğurla fəaliyyət göstərir. Azərbaycan da Xəzər dənizi regionunda nəqliyyat idarəetməsinin mərkəzini təşkil edir. Bu təşəbbüslərlə italyan mühəndisliyini, avtomobil yollarını, limanlarını, ümumilikdə infrastruktur sahəsini əks etdirən geniş bir işin əsasını qoyduq.

Cənab Prezident, bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşma ilə baxmalıyıq. Bizim müştərək iqtisadi maraqlarımız bizi ölkənizlə Avropa İttifaqı arasında olan əməkdaşlıqdan irəli gələn imkanlardan istifadə edərək dialoqumuzu daha da inkişaf etdirərək genişləndirməyə yönəldir. Məhz ötən günlərdə tərəfdaşlıq prioritetləri ilə bağlı danışıqların yekunlaşması ilə əhəmiyyətli irəliləyiş qeydə alındı. Strateji baxımdan regionda önəmli rola malik olan Azərbaycan Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi üçlüyünün iqtisadi potensialının inkişafında yeni bir səhifənin baş qəhrəmanı ola bilər. Biz tarixi dostluğumuz və tərəfdaşlığımızın potensialından istifadə edərək dənizlərimiz arasında bu körpünü birlikdə tikməliyik. Çünki bu, istər indiki, istər gələcək münasibətimizə təsir edir. Mən xoş sözlərinizə görə Sizə bir daha təşəkkür edirəm.

x x x

Sonra Azərbaycan-İtaliya biznes forumu işini müzakirələrlə davam etdirdi.

Forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev İtaliya ilə əlaqələrin uğurla inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirdi. Nazir siyasi əlaqələrin uğurlu inkişafında dövlət başçılarının siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin böyük rolunu vurğuladı. Qeyd olundu ki, İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Belə ki, 2017-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsində İtaliya 21 faiz paya malik olmaqla ilk yerdə qərarlaşıb və bu ilin ilk 6 ayı ərzində də liderliyini qoruyub saxlayıb. Şahin Mustafayev ölkəmizdən İtaliyaya ixrac olunan məhsulların böyük hissəsinin enerji daşıyıcılarının təşkil etdiyini, qarşılıqlı ticarətin şaxələndirilməsi və qeyri-neft məhsullarının payının artırılması istiqamətində özəl sektorun iştirakı ilə keçirilən biznes forumların, işgüzar görüşlərin önəmini qeyd etdi. İyulun 18-də Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında açılışı olan və İtaliyanın “Maire Tecnimont” şirkətinin podratçısı olduğu “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu uğurlu əməkdaşlığın bariz nümunəsidir. Şahin Mustafayev iki ölkə arasında enerji, kənd təsərrüfatı, turizm, İKT, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı, həm yerli, həm də İtaliyadan olan sahibkarları bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə dəvət etdi.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğuladı, enerji, nəqliyyat, infrastruktur, tikinti, sənaye, kənd təsərrüfatı, logistika və digər sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşdü.

İtaliya Sənaye Konfederasiyasının vitse-prezidenti Liçia Mattioli iqtisadi-ticari əlaqələr barədə danışdı, Azərbaycan və İtaliya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsində keçirilən görüşlərin və aparılan müzakirələrin əhəmiyyətini vurğuladı.

İtaliya Ticarət Agentliyinin (ICE) baş direktoru Piercorco Borqocelli iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirdi, bu sahədə ikitərəfli görüşlərin və biznes forumların rolunu qeyd etdi, belə tədbirlərin iqtisadi əməkdaşlığın inkişafına, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini diqqətə çatdırdı.

Biznes forumda azərbaycanlı və italiyalı iş adamları əməkdaşlığa dair müzakirələr aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib  Azərbaycan və İtaliya prezidentləri biznes forumda iştirak ediblər YENİLƏNİB VİDEO

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi