MƏDƏNİYYƏT


Bakıda “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilib VİDEO

Bakı, 28 fevral, AZƏRTAC

Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan müşavirədə dövlət və özəl sektor və yerli sənaye nümayəndələri, habelə respublikamızın paytaxt və regionlarında yerləşən bir sıra mədəniyyət müəssisələrinin, o cümlədən mədəniyyət mərkəzləri və klublarının rəhbərləri iştirak ediblər.

Müşavirədə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycanın Mədəni Marşrutlar üzrə Avropa İnstitutuna 2011-ci ildən qoşulduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan bu illər ərzində şərab yolları, yəhudi irsi üzrə Avropa marşrutu, qədim qayaüstü incəsənət izləri, Tarixi termal şəhərlər Assosiasiyasının “termal şəhərlər” mədəni marşrutu və zeytun ağacları mədəni marşrutu üzrə ümumilikdə beş beynəlxalq mədəni marşruta qoşulub. Vurğulayıb ki, bu mədəni marşrutlar Azərbaycanın yeni yaradıcılıq potensialının əks olunması baxımından olduqca əhəmiyyətlidir.

“İlk mədəni marşrut xətti olan şərab marşrutlarına daxil olanda bir sıra suallar ortaya çıxdı. Azərbaycanın şərabçılıq ənənələri Avropa mədəniyyətinin ayrılmaz hissəsindən heç də geri qalmır. Bildiyiniz kimi, şərabın müalicəvi xüsusiyyətləri də var. Bu sahəni dünyada tanıtmaq lazımdır. Bunun üçün də Azərbaycanda kifayət qədər imkanlar var”, - deyə o bildirib.

Ə. Qarayev ikinci mədəni marşrutun yəhudi irsi ilə əlaqəli olduğunu diqqətə çatdırıb: “Bu gün Avropada mövcudluğunu sürdürən yeganə yəhudi şəhərciyi var, o da Qubadakı Qırmızı qəsəbədir. Bu qəsəbəsinin varlığı İslam ölkəsi olan Azərbaycanın tarixən tolerantlıq və multikulturalizm ənənələrinə sadiqliyindən xəbər verir. “Termal şəhərlər” mədəni marşrutu isə növbəti xəttidir. İşğal olunan ərazilərdə bir sıra termal ərazilər var idi. Bu gün turizm şirkətləri termal ərazilərə turların təşkilində maraqlıdırlar”.

Qobustan qayaüstü rəsmlərinin də Avropa mədəni marşrutuna qoşulduğunu bildirilən nazir sonuncu mədəni marşrut xəttinin “zeytun ağacları” olduğunu vurğulayıb: “Azərbaycanın zeytun yollarına daxil olması xüsusi rol oynayır. Ölkəmizin zeytun bağları kifayət qədərdir və yüksək keyfiyyətli məhsullar əldə edir”.

Ə. Qarayev Azərbaycanın yeni marşrutların təşəbbüskarı ola biləcəyini də diqqətə çatdırıb: “Təklif edərdim ki, biz xalçaçılıq üzrə mədəni marşrutun yaradılması təşəbbüsü ilə çıxış edək. Xalçalar təkcə Azərbaycanda yox, dünyanın müxtəlif ölkələrində istehsal olunur. Müvafiq təşkilatlar bu haqda düşünməlidir və nazirlik onlara dəstək olmağa hazırdır. Azərbaycan daha bir təşəbbüs də irəli sürə bilər. Azərbaycanın qədim musiqi mədəniyyəti ölkəsi olduğunu nəzərə alaraq islam dünyasının muğam yollarını təsis edə bilər. Azərbaycanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq muğam festivalı keçirilir. Əgər biz bu ənənənin dünyada tanıdılmasını istəyiriksə, muğam marşrutunun yaranması üçün təşəbbüs göstərə bilərik. Azərbaycanı yeni marşrutlar təqdim etməyə hazır ölkədir”.

Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni isə Azərbaycanın da mədəni marşrutlar təşəbbüsünü ortaya çıxaran ölkələrdən biri olduğunu söyləyib: “Məqsədimiz ölkələr arasında körpü yaratmaqdır. Mədəniyyəti inkişaf etdirmək üçün əlimizdə olan mədəni irsi qorumağımız olduqca vacibdir. Gələcəkdə də yeni marşrutlar yaradıla bilər. Azərbaycanın Şərqlə də əlaqələri var, bu da gələcəkdə bu marşrutların uzadılmasında əhəmiyyətli rol oynaya bilər”.

Müşavirə çıxışlarla davam edib.

Qeyd edək ki, Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrutları layihəsinə (Cultural Routes of Council of Europe) qoşulub. Hazırda Azərbaycan Avropa Şurasının mədəni marşrutlar layihəsinin 5 mədəni marşrutu üzrə təmsil olunur.

Xatırladaq ki, Azərbaycan Avropa Şurasının mədəni marşrutları layihələrindən olan “Şərab Yolu” beynəlxalq mədəni marşrutuna 2011-ci ildə, “Yəhudi irsi üzrə Avropa marşrutu” və “Qədim Qayaüstü İncəsənət İzləri” beynəlxalq mədəni marşrutlarına 2015-ci ildə, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal şəhərlər” mədəni marşrutuna 2016-cı ildə və “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna isə 2019-cu ildə qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.